Sabiq XİN rəhbəri Lavrovun Qarabağ bəyanatını şərh etdi

  17 Yanvar 2018    Oxunub : 1860
Sabiq XİN rəhbəri Lavrovun Qarabağ bəyanatını şərh etdi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

Lavrov bir neçə gün öncə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycandan və Ermənistandan müəyyən pozitiv impulslar daxil olacağını gözləyir:

"Sevindirici haldır ki, ötən il prezidentlər və nazirlər görüşüblər. Həmin görüşlərdə həmsədr ölkələrin nümayəndələri də iştirak ediblər”.

Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdır: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.

T.Zülfüqarov münaqişənin tezliklə həllinə o qədər də ümidli deyil. O, Rusiya XİN başçısının açıqlamasını AzVision.az-a şərh edərək bildirib ki, Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair bəyanatı təhlil olunmalı və nəticə çıxarılmalıdır.

“Bəlli məsələdir ki, problemin paket şəkilində həlli mümkün deyil. Bunu hamı başa düşür. Lavrovun fikirlərindən belə anlaşılır ki, artıq o, özü də danışıqlardan müsbət heç nə gözləmir. Lavrov Ermənistana təzyiq olunmayacağını bilir. Deməli, bu gedişlə Ermənistan öz mövqeyində qalacaq. Belə halda isə danışıqların heç bir perspektivi olmayacaq”.

T.Zülfüqarov qeyd edib ki, Lavrov bəyanatında “münaqişənin mərhələli həlli” sözünü işlətsə də, onun mahiyyətini açıqlamayıb: “Paket variantı ermənilərin icad etdiyi üslubdur. Çünki, eyni vaxtda bütün məsələləri həll etmək mümkün deyil. Təklif olunan paket variatlarda məsələlər guya bir müddət ərzində həll olunur və bunun icrası müxtəlif mərhələləri keçməlidir. Əvvəl də, indi də problemin mərhələli formada həll olunması nəzərdə tutulur. Təəssüflər olsun ki, əsas məsələ deyilmir.

Hamı başa düşür ki, Dağlıq Qarabağın statusu gələcəkdə həll olunmalıdır. Birinci mərhələ işğal olunmuş torpaqların azad olunmasıdır. Lavrov mərhələli sözünü işlədir. Amma, onun nədən ibarət olduğunu açıqlamır. Rusiya böyük siyasi hadisələr qarşısındadır. Ona görə də bu bəyanatı hesabat kimi qəbul edirəm. Lavrov bununla göstərir ki, danışıqlar heç bir nəticə vermir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: XİN   Qarabağ   Zülfüqarov