12 mindən çox köçkün yeni evlərlə təmin olunub

12 mindən çox köçkün yeni evlərlə təmin olunub
  01 Fevral 2018    Oxunub:1213
2017-ci ildə 2300 ailə - 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub.
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında deyib.

Ötən ilin Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, eləcə də bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına və perspektiv inkişafına yönələn müvafiq sərəncamlarını, dövlət başçısının kəndin bərpasından sonra burada görülən işlərlə tanış olmaq məqsədilə bu əraziyə səfərini, bu səfərdən sonra kəndin bərpasının davam etdirilməsi ilə bağlı imzaladığı növbəti Sərəncamın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş nazirin müavini bildirib ki, artıq kənddə ikinci mərhələdə aparılan bərpa işləri də Prezidentin tapşırığı və nəzarəti altında qısa müddət ərzində, yüksək keyfiyyətlə başa çatdırılıb: "Ən başlıcası isə dövlət başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır. Yəni, bu gün bütün dünya Cocuq Mərcanlını tanıyır".

AzVision.az


Teqlər: Əli-Həsənov   Köçkün   Mənzil  





Xəbər lenti