Bakıda amerikalı həmsədrin qarşısında tələblər qoyuldu

Bakıda amerikalı həmsədrin qarşısında tələblər qoyuldu
  06 Fevral 2018    Oxunub:2574
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüblər.
Görüşdə iştirak edən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov AzVision.az-a deyib ki, ABŞ diplomatları Zəngilandan olan məcburi köçkünlərlə həmsöhbət olub, onların istəklərini dinləyiblər.

Deputatın sözlərinə görə, görüş çox effektli, səmərəli keçib. Hətta əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə vaxt məhdudiyyəti qoyulmayıb:

"Görüşdə məcburi köçkünlər fikirlərini, arzu və xahişlərini dilə gətirdilər. Onlar diplomatlara bildirdilər ki, doğma yurdlarına qayıtmaq istəyirlər. Dedilər ki, bu işdə həmsədr, dünyanın böyük və nüfuzlu ölkəsi olan ABŞ-dan kömək gözləyirlər. Məcburi köçkünlərin bir istəyi var, o da doğma torpara qayıtmaqdır. Söhbət zamanı ancaq bu barədə fikirlərini bildirdilər”.



E.Məmmədov qeyd edib ki, diplomatların Qarabağ icmasının sədri və üzvləri ilə keçirdiyi görüş 2 saatdan çox çəkib.

“Görüş zamanı kifayət qədər geniş məsələlər qoyduq, cavablar istədik, izahlar verdik. Hesab edirəm ki, lazımlı və dəyərli görüş oldu. Yeni həmsədr və səfir bizim söylədiklərimizin heç birinə etiraz etmədi, razılaşdılar. Biz dedik ki, Azərbaycan BMT-yə hansı sərhədlər daxilində qəbul olunubsa, həmin sərhədlər bərpa olunmalıdır. Biz sual etdik: siz təsdiq edirsinimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub? Cavabları bəlli oldu. Ardınca dedik ki, sizin köməkliyinizlə işğala son qoyulsun, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsın, işğalçı dövlət cəzalandırılsın”.

E.Məmmədov qeyd edib ki, görüşdə iştirak edənlər yeni həmsədr qarşısında bir sıra tələblər qoyublar: “Biz tələb qoyduq ki, həmsədrlər hər dəfə regiona səfər edəndə Dağlıq Qarabağda separatçı rejimin “rəhbərləri” ilə görüşürlər. Ancaq, Dağlıq Qarabağda təkcə ermənilər yaşamayıb. Biz də varıq. Biz bu gün 90 min nəfərik. Sual verdik ki, niyə bizimlə görüşmürsünüz? Deməli, burda da haqsızlığa, ədalətsizliyə yol verirsiniz. Onlar bizi dinləyib, suallarımıza cavab verdilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Qarabağ   Elman-Məmmədov   Həmsədr  





Xəbər lenti