İlham Əliyev: “Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır”

  05 Aprel 2018    Oxunub : 1892
İlham Əliyev: “Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır”
"Qoşulmama Hərəkatı dünyada sabitlik və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır"

AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, Azərbaycan 2011-ci ildən bu təşkilata üzv olsa da, bu təşkilatın işinə öz töhfəsini verir.

"BMT Təhlükəsizlik Şurası üzvü olmaqla Azərbaycan bütün dövlətlərin hüquqlarını qoruyub. Azərbaycan beynəlxalq hüququn pozulmasının şahidi olub və yaşayıb. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da qərar və qətnamələr qəbul ediblər",- deyə prezident vurğulayıb.

Dövlət başçısı təəssüflə qeyd edib ki, işğal bu günə qədər davam edir: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey, mədəniyyət nümunələri dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Konfrans   Qarabağ