XİN rəhbərləri Azərbaycan prezidentinin qəbulunda

XİN rəhbərləri Azərbaycan prezidentinin qəbulunda
  05 Aprel 2018    Oxunub:1632
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, xarici işlər naziri Pradip Kumar Qyavali Nepal Prezidenti xanım Bidhya Devi Bhandarinin və Baş nazir Kxadqa Prasad Şarma Olinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını dedi. Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan Nepalın xarici işlər naziri turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd etdi.

İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Nepal Prezidenti və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nepalın dövlət və hökumət başçılarına çatdırmağı xahiş etdi.



Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Venesuela arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın və Venesuelanın həm BMT-də, həm də Qoşulmama Hərəkatı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Prezident Nikolas Maduronun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Prezident Nikolas Maduronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamını Venesuela dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Nepal   Venesuela  





Xəbər lenti