San Dieqoda 28 may ADR-in 100 illiyi günü elan edilib

San Dieqoda 28 may ADR-in 100 illiyi günü elan edilib
  26 May 2018    Oxunub:1337
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri mayın 28-ni Azərbaycan Demokratik Respublikasının 100 illiyi günü elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən məlumata görə, bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Sənəddə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara seçib-seçilmək hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Eyni zamanda ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Sənəddə həmçinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə San Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurduğu qeyd olunub.

Bəyannamənin sonunda mayın 28-nin San Dieqo şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyi günü elan edilib.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq ümumi daxili məhsulu olan San Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ən böyük şəhərdir. San Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.



AzVision.az


Teqlər: ABŞ   28-May  





Xəbər lenti