Azərbaycanlıların xarici ölkələrə viza alması sadələşdirilir

  15 Oktyabr 2018    Oxunub : 940
Azərbaycanlıların xarici ölkələrə viza alması sadələşdirilir
Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. O, bildirib ki, bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi və Aİ üzvü olmayan digər ölkələrlə bu barədə razılıq əldə olunub.

F.Cəfərov xatırladıb ki, “ASAN viza” 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb: “İlkin dövrdə konsepsiya ondan ibarət idi ki, sadəcə xarici turistlər elektron portal üzərindən viza üçün müraciət edirlər və 3 iş günü ərzində onlara viza təqdim olunur. Daha sonra bu müddət 3 saata endirildi. 2018-ci ilin may ayının 15-dən etibarən isə artıq Azərbaycanın beynəlxalq hava limanlarında da viza terminalları vasitəsilə viza əldə etmək olar və 3 gün, 3 saat yox, 2 dəqiqədən aşağı bir müddətdə 15 ölkənin vətəndaşlarına viza verilir. Biz bu konsepsiyanı daha da inkişaf etdirirk və Azərbaycan vətəndaşlarının da xarici ölkələrə viza almaq prosesini asanlaşdırmaq istiqamətində iş aparırıq”.

Direktor qeyd edib ki, bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə viza almaq üçün səfirliklərə getməlidirlər, pasportlarını və digər sənədləri təqdim etməlidirlər: “Bu proses uzun çəkir. Biz düşünürük ki, artıq dünyada unikal olan yeni bir modelə keçək. Artıq vətəndaşlarımız elektron hökumət portalına daxil olsun və sadəcə getmək istədikləri ölkənin adını seçsinlər və bununla da onların işi tamamlansın və bundan sonra elektron hökumət portalının işi başlasın, lazım olan məlumatları elektron hökumət infrastrukturu üzərindən “Elektron Hökumətin İnkişafı Mərkəzi” səfirliklərə təqdim edəcək”.

Mərkəzin rəhbəri əlavə edib ki, bunun həyata keçirilməsi üçün bir neçə formatlar üzərində iş aparılır: “Bu, ya birbaşa konsulluqlara, ya vasitəçi şirkətlərə inteqrasiya olunma modeli ola bilər. Bununla bağlı biz əksər səfirliklərlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Fərqli formatlar üzərində fikirləşirik ki, həm Azərbaycanın, həm qarşı tərəfin qanunvericiliyinə tam uyğun olsun. Artıq bir neçə Aİ ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub və bu modelin tətbiq olunması istiqamətində iş aparılır”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: ASAN-viza   Direktor