ABŞ Azərbaycanın vasitəsilə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir

ABŞ Azərbaycanın vasitəsilə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir
  26 Oktyabr 2018    Oxunub:2691
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda olarkən səsləndirdiyi fikirlər erməni cəmiyyətində qarışıqlıq yaradıb.
Belə ki, Trampın köməkçisi ABŞ silahlarının Rusiyanınkından daha yaxşı olduğunu deyərək, Ermənistanın alternativə malik olduğunu bildirib. Boltonun sözlərinə görə, bununla da İrəvan tək bir dövlət - Rusiyadan tam asılı olmayacaq və Ermənistanın imkanları artacaq. O həmçinin, Ermənistanın Rusiyanın təsirindən çıxmasının başlıca yolunu Dağlıq Qarabağ münaqişəsinin həliinin təmin olunmasında gördüyünü bəyan edərək, Paşinyanı bu məsələdə həlledici addım atmağa çağırıb.

Azvision.az xəbər verir ki, erməni ekspertlərin fikrincə, Boltonun simasında bir ABŞ rəsmisi ilk dəfədir ki, bu cür açıq şəkildə İrəvanı Rusiyanın təsirindən çıxarmaq istəyini bildirib. Ermənistanın Xristian-demokrat partiyasının sədri Levon Şirinyana görə, bu səbəbdən Boltonun İrəvana səfəri olduqca maraqlı və gözlənilməz açıqlamalarla yadda qaldı.

“Post-sovet dövründə ilk dəfədir ki, Vaşinqton Cənubi Qafqazın təkcə Rusiyanın yox, həm də Amerikanın təsir zonasına aid olduğunu bəyan edir və burada təhlükəsizlik və digər strateji maraqlarının mövcudluğunu etiraf edir.”

Şirinyanın fikrincə, Boltonun İrəvanda səsləndirdiyi bəyanatları qiymətləndirmək lazımdır. Trampın köməkçisinin sözlərindən belə çıxır ki, Ermənistanın Rusiyanın təsir dairəsində çıxarılması üçün ABŞ hər an köməklik göstərməyə hazırdır. Lakin maraqlısı odur ki, Bolton bunun məhz Azərbaycanın əli ilə həyata keçirilməsinin mümkünlüyünə işarə edib.

“Boltonun səfərində ən vacib məqam odur ki, silah verilməsi məsələsində ABŞ faktiki olaraq deyir ki: Ermənistan, gəlin biz sizə Azərbaycanın vasitəsilə Rusiyanın təzyiq siyasətinə son qoymağa kömək edək. Bu, indiyədək eşidilməyən müstəsna bir bəyanatdır”, – Şirinyan vurğulayıb.

Erməni politoloqun fikrincə, Rusiya Azərbaycana Ermənistana təzyiq göstərmək üçün həmişə əsas ölkə gözü ilə baxıb. Və ABŞ-ın indi təşəbbüsü ələ almasından istifadə edərək, İrəvan Boltonun təklifini dəyərləndirməlidir: “Rusiya Cənubi Qafqaza soxulduğu ilk gündən bəri tatarlara erməni xalqını öz kabluku altında saxlama aləti kimi baxıb. Odur ki, silah satışı ilə bağlı bəyanat da daxil omlaqla, Boltonun İrəvanda söylədikləri alqışa layiqdir.”

Lakin Şirinyanla eyni fikirdə olmayanlar da var. “Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyana görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolu ilə Ermənistanın xarici təsirdən xilas olacağına dair Boltonun təklifi ümumiyyətlə nəzərdən keçirilməməlidir. Çünki belə vəziyyət Azərbaycanın xeyrinə olacaq: “Nə olursa-olsun, istənilən yolla Qarabağ münaqişəsinin həllini istisna etməliyik. Münaqişə ilə bağlı bizim hakimiyyətə müxtəlif tərəflərdən təzyiqlər edilə və deyilə bilər ki, siz böyük hakimiyyətə sahibsiniz və cəsarətli addımlar ataraq güzəştlərə gedə bilərsiniz. Lakin bizim maraqlarımıza zidd olan qərarların qəbulu istənilən hakimiyyətin böyük səhvi olacaq”.

Rüstəmyan onu da vurğulayıb ki, Boltonun sözlərinin təsiri altına düşüb Rusiya ilə əlaqələri korlamaq olmaz, çünki “Ermənistan üçün Rusiya ilə strateji münasibətlərinin alternativi yoxdur. Bunu dərk etməmək hakimiyyət və ölkəmiz üçün olduqca təhlükəlidir. Bizim üçün həyati məsələlərdə Rusiyanın yeri əvəzedilməzdir”.

Respublikaçılar partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan da hesab edir ki, Boltonun İrəvana etdiyi təkliflər heç də yaxşı niyyətli deyil. Münaqişə tərəflərinə silah satmağı təklif etmək isə ümumiyyətlə beynəlxalq konvensiyalara ziddir və vəziyyətin daha da gərginləşməsinə aparacaq.

“Kimin silahının daha yaxşı olduğunu demək düzgün deyil. Biz müharibəyə yox, danışıqlar vasitəsilə sülhlə həllə gedirik” – Baqdasaryan bildirib. Amma onun yanaşmasına irad bildirən ekspertlər münaqişənin həllində vasitəçi olan Moskvanın Ermənistanı tam olaraq silahlandırmasına diqqət çəkərək, Baqdasaryanın arqumentini əsassız adlandırıblar.

Bu mənada, erməni KİV-ri Boltonun bəyanatlarının Ermənistan cəmiyyətində ikitirəlik yaratdığını yazırlar: bir qrup ekspert Qarabağ münaqişəsinin həlli vasitəsilə Rusiyanın Cənubi Qafqazda təsirinin azaldılmasına dair Vaşinqtonun təklifinin dəyərləndirilməsini və Ermənistanın iqtisadi blokadadan çıxmasının tərəfdarıdır. Digərlərinə görə isə, Rusiya kimi bir müttəfiqin itirilməsi Ermənistana baha başa gələcək. O da qeyd olunur ki, istənilən halda seçim hələ də “qeyri-müəyyən” siyasət yürüdən Paşinyana qalır...

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   ABŞ  





Xəbər lenti