Azərbaycana təyyarə ilə gələnlər barədə məlumat toplanacaq

Azərbaycana təyyarə ilə gələnlər barədə məlumat toplanacaq
  30 Oktyabr 2018    Oxunub:952
Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar alınacaq.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanuna 43-1 (Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair məlumatları biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir.

Daşıyıcılar ekipajın hər bir üzvünün vəzifəsi və ona dair məlumatlar hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir. Hava gəmisinin ekipajının tərkibi dəyişdikdə həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək verilməlidir.

Hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edildiyi halda hallar istisna olmaqla, alınır, toplanır və istifadə edilir.

Hava həmisinin sərnişinləri və ekipakı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihədə bildirilib ki, bu, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və daşıyıcılar üçün Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin həm sərnişinləri, həm də ekipaj üzvləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi müəyyən edir. Hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək qaydalarda öz əksini tapacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Layihə  





Xəbər lenti