Həmsədrlər Bakıda Qarabağ icmasının üzvləri ilə görüşüb

 Həmsədrlər Bakıda Qarabağ icmasının üzvləri ilə görüşüb
  02 Noyabr 2018    Oxunub:1530
Noyabrın 2-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüblər.
Azvision.az xəbər verir ki, görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən və işğal altında olan Zəngilan, Qubadlı, Fizuli, Kəlbəcər rayonlarının icra hakimiyyətlərinin başçıları Ramiz Həsənov, Malik İsaqov, Alı Alıyev, Aqil Məmmədov, İctimai Birliyin idarə heyətinin üzvü, deputat Elman Məmmədov, İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov və idarə heyətinin üzvü Ramik Məhərrəmov iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər regiona səfərləri ilə bağlı görüş iştirakçılarına məlumat veriblər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri və digər rayonların icra hakimiyyətlərinin başçıları həmsədrlərə müxtəlif məsələlərlə bağlı suallar veriblər. Onlar münaqişənin tezliklə ədalətli həll edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ATƏT-in Minsk qrupunun səylərini artırmağa çağırıblar.

Görüşdə, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi kimi narahatlıq doğuran məsələlər qeyd olunub.

Azvision.az


Teqlər: Qarabağ   İcma   Həmsədr  





Xəbər lenti