“Doing Busines” hesabatı: Daha da irəli getməyimiz üçün əsaslar var - TƏHLİL

  03 Noyabr 2018    Oxunub : 7073
 “Doing Busines” hesabatı: Daha da irəli getməyimiz üçün əsaslar var - TƏHLİL
Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi həqiqətən də qeyri-adi nəticədir. Xatırladıram ki, “Doing Business 2018” hesabatında Azərbaycan 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməşdi ki, bunu da, mühüm hadisə olaraq dəyərləndirmişdim.
Keçənilki hesabatda ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşmış, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişdik.

2017-ci il ölkəmizdə iqtisadiyyatda sabitlik ili idi. O mənada ki, bundan əvvəlki 2 il ərzində neftin dünya bazar qiymətləriylə əlaqədar, iqtisadi cəhətdən tənəzzül başlamışdı. Və ölkə iqtisadiyyatı birdən-birə xeyli geriləmişdi. Az qala, hətta, makroiqtisadi sabitlik belə, əldə getmək təhlükəsiylə üz-üzə qalmışdı. Demək istədiyim budur ki, sabitlik yaranan ildə “Doing Business” hesabatı üzrə 8 pillə irəliləyiş sözsüz ki, mühüm hadisə idi.

Adı çəkilən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.

Düzdür, bu ilki hesabatda bir çox ölkələr üzrə müsbət rəy söylənilmiş və islahat aparan ölkələrin sayı çox göstərilmişdir. Qeyd olunub ki, Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələr üzrə işgüzar fəaliyyətlərin həyata keçirilmə imkanlarını yaxşılaşdırmaları üçün islahatları sürətləndiriblər.

Azərbaycan isə rekord sayda, 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstərici sayılır. Müqayisə üçün qeyd edim ki, Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Əvəzində isə əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib.

Hesabata əsasən, ölkəmizdə elektrik şəbəkəsinə qoşulma işləri daha asanlaşmış və ucuzlaşmışdır. Belə ki, müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə enib. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılıb.

Tikinti icazələrinin alınması da asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib.

Xatırladım ki, “Doing Business 2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutmuşdu. Bundan 1 il sonraki hesabatda isə 65-ci pilləni... Yəni, 2 pillə geri. Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.

Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə böyük miqyasda 2015-ci ildən başlanıldı. Bu siyasət əvvəl də mövcud olsa da, sahibkarlar üçün daha geniş imkanların yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz qeyd olunan ildən atılır.

Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun (DIF), istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilmişdir.

Yeri gəlmişkən, bir az əvvəl, DIF-in "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, hansı ki, baxmayaraq, bu dəfə tamamilə yeni metodologiya əsasında hazırlanıb təqdim edilmişdi, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi. Bu haqda yazdığım şərhdə qeyd etdim ki, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, çoxları hesab edirdilər ki, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərməsi artıq, çətin olacaq.

Lakin yeni metodoloji yanaşma da, Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutdu. Belə ki, ötənilki reytinqlə müqayisədə, Azərbaycanın “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqeyini yaxşılaşdırması təsadüfi deyildi. İnfrastruktur, İKT-dən istifadə səviyyəsi,Əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlər də göz qabağındadır və bu da təbii ki, öz nəticələrini göstərməli idi.

DİF-in hesabatında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız isə mühüm göstərici sayıldı. Bu, ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir.

Sözün qısası, rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən ibarətdir. Bu sahədə nəticələr əldə olunduqca isə, “Doing Business” hesabatında daha da irəli gedəcəyik.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Doing-Busines