Axtaranla arayanın fəlsəfi fərqi - Əhməd Həmid yazır

   Axtaranla arayanın fəlsəfi fərqi -    Əhməd Həmid yazır
  26 Dekabr 2018    Oxunub:14451
Əhməd Həmid
Azvision.az üçün

“Axtaran tapar”... Bu ifadənin həmişə çox dərin olduğunu düşünmüşəm. Görəsən, hər axtaran (arayan) sonda tapırmı? Tapmaq üçün axtarmaq (aramaq) lazımdırmı? Axtaran (arayan) axtardığınımı (aradığınımı) tapır? Məsələ axtardığını (aradığını) tapmaqdırmı? Yoxsa axtardığına (aradığına) tapınmaq?
Yəqin ki, verdiyim suallardan nə demək istədiyimi az da olsa, başa düşmüsünüz. Həmişə axtaran (arayan) insanlar barəsində düşünmüşəm. Çox maraqlıdır ki, bu barədə olan bütün deyimlərdə arayışın sonu ona başlayarkən inkar etdiyimiz ilkin nöqtə ilə eyni olur.

Məsələn “Tapmaq üçün itirmək lazımdır” fikiri çox qəribədir və suallar doğurur. Nəyi tapmaq üçün nəyi itirmək lazımdır? İtirdiyimizimi tapacağıq? Tapacağımız itirdiyimizlə eyni olacaqsa, niyə itirək?

Məşhur fikir var: əsas nəticə deyil, gedilən yoldur. Bəlkə də o gedilən yolu yaratmaq üçün əvvəlcə nəyisə itirmək lazımdır. Yolumuzun uzunluğu və əzabı itirdiyimizin dəyəri qədərdi. Aramaq üçün bütün ömürünü verəcəyi şeyi insanın öz razılığı ilə itirməsi mümkündürmü? Mümkündürsə, o zaman axtarışda olan insanın bədbəxt olması həm gülüncdür həm də əxlaqsızlıqdır. Bəs bir şeyi necə və neçə dəfə itirmək olar? Eyni şeyi bir neçə dəfə itirmək əlbəttə, əvvəlcə mənasız görünə bilər, amma böyük adamların addımları da böyük olur, bir həyatda bir necə dəfə tapa və tapına bilirlər.

Necə itirmək olar? Sualının ən məşhur cavabı eşqdir. Yeni aşiq olan insana “məşuqu görüb, özünü itirdi” deyirlər. Sonralar “özümü itirdim” sözü “özümü onda tapdım”la əvəzlənir. Məşuqdaki özünü çıxartmaq üçün bu səfər də məşuqu itirmək lazımdır.

Əlbəttə ki, bu, ağrılı və hüzünlü yoldur. Yusifi itirib, onun üçün darıxmaq da ağrılıdır, Yusifi tapmağın yeganə yolunun Kənanı itirmək olduğunu düşünmək də.

Türklərdə bir söz var: “Arayan mövlasını da bulur, belasını da”. Mən düşünürəm ki, bu cümlədəki “mövlasını bular” fikiri elə “tapar” ,“ belasını da bulur” fikiri isə “itirər” deməkdir. Yəni axtaran itirər də, tapar da. Yəni buradan belə çıxır ki, itirən tapar.

“Axtaran tapar”, “İtirən tapar” fikirləri əldə etdiyimiz nəticələr oldu. İndi tapmağın nə olduğunu araşdıraq.

Bir az əvvəl “Mövlasını bulur” fikirini “tapar” sözü ilə əvəz etmişdik. Çünki tapmaq - tapınmaq və ibadət etmək mənasını verir. Elə dini abidələr də “tapınaq” adlanır.

Bu söhbətimizdən bədbəxt insanla hüzünlü insan arasında fərqi yəqin ki, anladınız. Hüzünlü insan itirdiyini axtarandır (arayandır). İtirdiyi üçün darıxandır, amma nə zamansa itirdiyini tapacağını bildiyi üçün, kədərində sevinc də var. Bədbəxt insan isə itirməyə cəsarəti olmadığı üçün itirmədən axtarandır. Tapmayacağını bilir və bu, onu əsəbli və bədbəxt edir. Cəmiyyətdəki etibarından, vəzifəsindən əl çəkmədən vəzifə axtarır buna görə də xurcunu heç vaxt dolmur.

Bəs insanın unutduğunu tapması nədir? Biz bu hadisəyə “xatırlamaq” deyirik. Xatırlamaq sözü xətir sözü ilə əlaqəlidir. Xətir - hörmət, şan-şöhrət mənasını verir. Birini xatırlamaq ona hörmət qoymaqdır, onu şöhrətləməkdir, onu unutmamaqdır. Tapmaq, ibadət etmək də elə hörmət qoymaq, xatırlamaq deyilmi?

İtirməklə unutmaq arasında əlaqədə elə möcüzəvidir. Əvvəlcə özünü məşuqda itirib, sonra itirdiyini unudub, yalnız məşuqu düşünmək elə budur. Və aramaq sözünün bir mənası da hal, xətir soruşmaqdır.

Bir insan unutduğunu tapa bilərmi? Tapa bilər. Dücanə bəyin dediyi kimi, dərviş öldükcə bilər. Şərq insanı üçün ölüm özündə məlumat daşıyır. Elə buna görə, Şərqdə ölüləri narahat etmək düzgün sayılmır. Mən fikirləşirəm ki ölümün məlumat daşıması elə xatırlamaq deməkdir. Ölüm unutduğunu xatırlamaqdır.

Yaxşı, bəs axtarmaq nədir? Axtarmaq və aramaq sözlərinin fərqi nədir? Biz “axtarmaq” sözünü aramaq mənasında işlədirik. Bizdən fərqli olaraq, Türkiyədə “aktarmak” sözü məlumat ötürmək, köçürmək, boşaltmaq mənasını verir. Əgər bu sözlər arasında əlaqə varsa, məqalədəki bütün “axtarmaq” sözlərini aramaqla əvəz etmək lazımdır. Çünki axtaranla arayan tamam fərqlidir. Məsələn, Tanrını axtaran (tanrıdan insanlara məlumat ötürən) peyğəmbərdir, Tanrını arayan isə dərviş.



Teqlər: Fəlsəfə  





Xəbər lenti