Prezidentin müsahibəsindəki 4 mühüm mesaj - ŞƏRH

  13 Fevral 2019    Oxunub : 903
Prezidentin müsahibəsindəki 4 mühüm mesaj - ŞƏRH
Fevralın 12-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Real televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində cəmiyyətə xüsusi mesajlar ünvanlayıb. Bu mesajlar nələrdir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az -a deyib ki, ölkə başçısı son dəyişikliklər fonunda məhz yerli televiziya kanalı vasitəsilə cəmiyyətə bir sıra fikirləri çatdırmaq istəyirdi. Politoloq hesab edir ki, cəmiyyətə ötürülən mesajlar dörd istiqamətdə idi:

“Birincisi, prezident İlham Əliyev dedi ki, 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək. “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır” deyən prezident islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: “Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”. Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu.

İkincisi, prezident ilk dəfə minimum əmək haqqının 50 manat artırılmasının fəlsəfəsini bu şəkildə izah etdi: “Bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”. Prezident “gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu” dedikdə böyük ehtimalla vergilər və gömrükdə sistemin yenidən qurulması nəticəsində əldə olunan əlavə gəlirləri nəzərdə tuturdu. Mümkündür ki, gələcəkdə gəlirlər artarsa, minimum əmək haqqına yenidən baxılsın.



Üçüncüsü, prezident "Formula-1" yarışlarının Azərbaycana turizm axınına müsbət təsirindən və ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmasından danışarkən belə bir cümlə işlətdi: “Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi?”. Fikrimcə, prezidentin bu sualı səsləndirməkdə məqsədi cəmiyyətin bir hissəsində "Formula-1" yarışlarına olan neqativ münasibətin dəyişməsinə yönəlmiş idi.

Dördüncüsü, prezident Qarabağdan danışarkən əvvəllər də dediyi “dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür” fikrini bu şəkildə genişləndirdi: “Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq”. Başqa sözlə, İlham Əliyevin indi danışıqlar apardığı Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasının münaqişənin həllində addım atacağına inamı yoxdur. Təsadüfi deyil ki, prezident müsahibəsinin Qarabağla bağlı hissəsini bu cümlə ilə yekunlaşdırdı: “Güc amili həmişə gündəlikdə olub və olacaq”.

Azvision.az

Teqlər: Politoloq   Elxan-Şahinoğlu