“Dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir” - Mədət Quliyev

 “Dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir” -    Mədət Quliyev
  29 Mart 2019    Oxunub:3979
"Respublika" qəzetində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin "Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir" adlı məqaləsi dərc olunub.
Azvision.az həmin məqaləni təqdim edir:

- Təhlükəsizlik anlayışı özündə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının daxili və xarici təhdidlərdən mühafizə olunmasını ehtiva edir. Şəxsiyyətin hüquq və azadlıqları, cəmiyyətin maddi və mənəvi dəyərləri, dövlətin konstitusiya quruluşu, müstəqilliyi və ərazi bütövlüyü təhlükəsizliyin əsas obyektləridir. Müasir Azərbaycanın bu gün 100 illiyi qeyd olunan təhlükəsizlik orqanlarının da ali məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraq və mənafelərini etibarlı şəkildə qorumaqdır. Bu əlamətdar yubiley müsəlman Şərqinin ilk parlamentli respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.

Ötən əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda xalqımızın parlaq mədəni yüksəlişinin məntiqi yekunu kimi meydana çıxan cümhuriyyət milli dövlətçiliyimizdə yeni bir mərhələnin başlanğıcı oldu. Mükəmməl dövlət idarəçiliyi sistemini formalaşdırmaq üçün həyata keçirilən tədbirlər sırasında respublikanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutacaq strukturun yaradılması zəruri idi. Kəşfiyyat və əks-kəşfiyyat bölməsi adlandırılan və xüsusi xidmət orqanı funksiyasını həyata keçirən belə bir struktur 28 mart 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahının tərkibində təşkil olunub.

Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının peşə bayramının məhz həmin gün qeyd olunması da tarixi varisliyin təcəssümüdür. Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci ildə bu barədə imzaladığı Prezident Sərəncamı, eyni zamanda, təhlükəsizlik orqanları əməkdaşlarının rəşadətli və şərəfli xidmətinə verilən dəyərin bariz ifadəsidir.

Xalq Cümhuriyyəti hökuməti dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində zəruri tədbirləri davam etdirərək, 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yanında klassik təcrübə əsasında xüsusi xidmət orqanı kimi fəaliyyət göstərən Əksinqilabla Mübarizə Təşkilatını yaradıb. İlk rəhbərləri Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlılar olan bu təşkilat Cümhuriyyətin xarici və daxili düşmənlərinə qarşı barışmaz mübarizə aparıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az olsa da, mövcudluğunun iyirmi üç ayı ərzində onun təsis etdiyi dövlət qurumlarının təkcə adları deyil, həm də fəaliyyət təcrübəsi və ənənələri tariximizin şanlı və unudulmaz səhifələridir. Bolşevik işğalı nəticəsində süqut edən Cümhuriyyətin qurucuları kimi, bu dövlətə xidmət edənlərin, o cümlədən təhlükəsizlik orqanları əməkdaşlarının da əksəriyyəti təqiblərə və repressiyaya məruz qalıb.

Sovet hakimiyyəti dövründə təhlükəsizliyini qoruduğu ictimai-siyasi quruluşun məqsəd və prinsiplərinə uyğun fəaliyyət göstərən xüsusi xidmət orqanlarının ibrətamiz və keşməkeşli tarixi olub. Əvvəlcə Fövqəladə Komissiya, sonralar isə Dövlət Siyasi İdarəsi, bir müddət Xalq Daxili İşlər Komissarlığı və nəhayət, Dövlət Təhlükəsizlik Komitəsi adlandırılan bu orqanın bütün imkanları kommunist-bolşevik ideologiyasına əsaslanan hakimiyyətin möhkəmlənməsinə, onun əleyhdarlarına qarşı amansız və qəddar mübarizəyə yönəldilib. Xüsusən, keçən əsrin 20-30-cu illərində xalqımızın minlərlə görkəmli elm, sənət, mədəniyyət xadimi, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkirləri, vətənpərvər oğul-qızları mənəvi və fiziki cəhətdən məhv edilib. Lakin bu tarixi həqiqəti unutmamaqla yanaşı, onu da xatırlamalıyıq ki, xüsusi xidmət orqanlarında işləyərkən heç bir halda milli mənafelərə zidd mövqe tutmayan, hətta xidməti karyerasını belə təhlükə altında qoyaraq doğma xalqının, vətəninin maraqlarına sədaqət nümunəsi göstərən azərbaycanlılar olub. Məhz onların təcrübəsi və şərəfli mübarizə yolu bu gün dövlət təhlükəsizliyi orqanlarının şəxsi heyəti üçün tarixi örnək, peşəkarlıq məktəbidir. Özünün fitri istedadı, parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı sayəsində təhlükəsizlik orqanında general rütbəsinə və dövlət komitəsinin sədri vəzifəsinə yüksələn, sonra isə respublika rəhbəri seçilən və Azərbaycan dövlətçiliyinin taleyinin müəyyənləşməsində əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyevin həmin vətənpərvərlər arasında müstəsna yeri olub. Şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarında Azərbaycanın gələcək müstəqilliyi üçün addım-addım ağlagəlməz zəmin yaratmaqla mühüm bir fəaliyyətə həsr edən Ulu Öndər gənc yaşlarından kəşfiyyat və əks-kəşfiyyat işinin mükəmməl bilicisi, fenomenal qabiliyyətə malik xüsusi xidmət zabiti kimi öz həmkarları arasında şöhrət və nüfuz qazanmağa nail olub.

Dövlət təhlükəsizliyi orqanında xidmətə başlayan Heydər Əliyevin yüksək intellekti, orijinal əməliyyat təfəkkürü, məsuliyyətliliyi və qətiyyəti ona vəzifələrinin icrasında fərqlənmək, rəhbərliyin diqqətini cəlb etmək imkanı verib. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanında bölmə rəisi, əks-kəşfiyyat şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və nəhayət, sədri vəzifələrində işləyərək, həm əsl peşəkarlıq nümunəsi göstərib, həm də xidməti səlahiyyətləri ilə bağlı bütün məsələlərin həllində xalqının, Vətəninin mənafeyini əsas götürüb. Ulu öndərin bu sahədəki fəaliyyəti, sözün əsl mənasında, əfsanəvi xarakter daşıyıb, təhlükəsizlik orqanlarının tarixinə qızıl hərflərlə yazılıb.

Azvision.az


Teqlər: MədətQuliyev   DTX  





Xəbər lenti