Utanıram, şəhidim!

   Utanıram, şəhidim!
  03 Aprel 2019    Oxunub:5675
Qönçəgül Kamal qızı

Düşmən tapdağından cadar-cadar olan torpaqlarım, əzəməti xəcalətinin arxasında gizlənən dağlarım bir gün azad olsun deyə şəhid olmağı seçdim. Bir qarış torpaqda dəfn olunmaq haqqının dəyərini bilib, ölümdən ürpənmədim, çəkinmədim.
Nə yazıq ki mən ucaldığım zirvəyə gedən yol anamın fəryadından, atamın acısından, balamın göz yaşından keçib gəlir.

Dünyanın ən ağır dərdidi, ananın övlad dağı görməyi.
Bu dağın adına şərəf deyilən, tabuta bürünən bayrağı sinəsinə sıxıb, hönkür-hönkür ağlayan ata yanğısı var. Yarımçıq qalan sevdası, gözü alacalanan, qayğıları, dərdi yetim qalan övlad xiffəti var...

Nə yazıq ki, şəhid olmadan bayraqlar dalğalanmaz, ürəklər qürurlanmaz, başlar dik tutulmaz.

Bir ovuc torpağım, bir daşım düşmən əlinə keçməsin deyə bağrım qan oldu. Sinəmi sipər etdim, Vətənimi bölən, parçalayan səddlər qırılsın, dağılsın istədim.

Hələ də yeri-yurdu bilinməyən, əsir düşən qız-gəlinlərimizin, oğullarımızın tükürpədən ah-naləsi ərşə qalxmasın deyib, canımdan keçdim...

Torpağımı qanımla suvardım ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarı bülbülü təzədən bitsin....
Körpələrimiz böyüyəndə buz bulaqların suyundan içib, billur kimi tər-təmiz havada nəfəs alsın.

İnsanlarımızın müharibədən, qan-qadadan uzaq, rahat həyat yaşaması üçün, mən torpağımı son dəfə qucaqlayıb, göylərə üz tutdum...

Göylərdən yerlər daha aydın görünür... Bir tərəfdə az qalsın dünyanın 7-ci qatına çatan binalar, tər-təmiz asfalt küçələr, şütüyən bahalı avtomobillər, avtomobillərdən ucalan “İgid əsgər” möhkəm dayan mahnısı, çal-çağırlar, adamı sümükləri yanana qədər oynadan rəqs havaları...

Bir tərəfədə yanıb külə dönən evlər, hər tərəfi ot-ələf basmış yeyəsiz kəndlər, darmadağın olan məzarlıqlar... Bir də xarabalığın insanı vahiməyə salan səssizliyi....

Müharibənin dəhşətindən qorxub, ölümdən uzaq olduğuna şükr edənləri, ruhum şad olsun deyib, dua edənləri də eşidirəm.

Şəhidəm, zirvədəyəm...
Amma ruhum şad olmur, içimdəki ağrılardan, unudulmaq qorxusundan...

Utanıram Şəhidim,
Utanıram, yeməkdən, içməkdən,
Sənin anan ağlarkən
Gülməkdən Utanıram!
Sanma ki
Unudur,
Unutdururuq!
Unudanları barındırmakdan utanıram.
SEN vətən üçün, bizim üçün şəhid olarkən
Seni Görməzdən Gələnlərdən Utanıram. (Əziz Nesin)

Sizi utanmaqdan, məni unudulmaqdan Allah qorusun....


Teqlər: Şəhidlik  





Xəbər lenti