“Atası tərəfindən döyülən uşağın psixoloji durumu yaxşı deyil”

   “Atası tərəfindən döyülən uşağın psixoloji durumu yaxşı deyil”
  16 Aprel 2019    Oxunub:3542
Atası tərəfindən fiziki zorakılığa məruz qaldığı deyilən 158 nömrəli tam orta məktəbinin ibtidai sinif şagirdi anası ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Yasamal rayon İcra Hakimiyyətinə məktəb direktoru tərəfindən uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı müraciət daxil olub. Bunun əsasında şagirdin atası Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinə aparılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Azvision.az -a bildirib ki, sabahdan başlayaraq şagird və onun anası ilə reablitasiya işləri aparılacaq. Hazırda onların psixoloji durumu yaxşı deyil.

“Həmin şagird və onun anası ilə sabahdan rablitasiyaya başlayacağıq. Hələlik onlar sığınacağa adaptasiya olmalıdırlar. Atanın uşağa və anaya qarşı hansı səbəbdən zorakılıqlar etdiyi bizə də bəlli deyil. Ancaq səbəbindən asılı olmayaraq, bu, artıq cinayətdir və məsələ ilə bağlı təhqiqat aparılır. Uşağın atası hazırda Yasamal rayon Polis İdarəsindədir. Uşağın və anasının təhlükəsizliyini təmin etmək məqsədilə onlar sığınacağa yerləşdirilib. Ana və uşağını psixoloji və hüquqi reablitasiya proqramlarına cəlb edəcəyik. Baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırcağıq”,- deyə K. Ağazadə vurğulayıb.

Qeyd edək ki, atası tərəfindən döyülən şagird bununla bağlı müəlliminə müraciət edib. Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Sığınacaq   Uşaq   Məktəbli  





Xəbər lenti