“Saxta sənədlə imtahana girmək istəyirlər” - Məleykə Abbaszadə

  29 Aprel 2019    Oxunub : 1503
“Saxta sənədlə imtahana girmək istəyirlər” - Məleykə Abbaszadə
"Zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq".

Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbəri bildirilib ki, saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur:

"Bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir. Təbii ki, abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə, o, imtahandan xaric olunur və imtahan nəticələri ləğv olunur. Həmçinin, abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in nəticələri ləğv etmək hüququ var".

M.Abbaszadə qeyd edib ki, hər il müxtəlif istiqamətlər üzrə çoxlu sayda imtahanlar keçirilir: "Bu imtahanlarda il ərzində 600 mindən artıq şəxs iştirak edir. Bütün imtahanlarda əsas məqsədlərdən biri də onların təlimata uyğun şəkildə təşkil olunması, hər kəsə bərabər imkan yaratmaqla iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən kifayət qədər maliyyə vəsaiti sərf olunmaqla imtahan materiallarının, o cümlədən imtahan iştirakçılarının təhlükəsizliyinin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və beləliklə, onların hüquqları təmin olunur. Lakin imtahanlarda iştirakçıların hüquqları ilə yanaşı vəzifələri də vardır. Bu vəzifələrin ən başlıcası tələb olunan imtahan qaydalarına əməl olunmasıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: DİM   Məleykə-Abbaszadə