600 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb - Fotolar

  20 İyun 2019    Oxunub : 990
600 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb - Fotolar
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman narkotik maddə marixuana aşkar olunaraq götürülüb. D.Ardatyev ilkin sorğu zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının çöl tərəfinə əyilmiş spesifik iyi olan bitki yarpağının bir neçəsini yığıb və özündə saxlayıb.



​İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı ev sahibi pataxt sakini Eldəniz Rüstəmov da tutulub. Onun həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.



E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi “Saipa” markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılan 2 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.



Azvision.az

Teqlər: DİN   Narkotik