İspaniyadan ölkəmizə idxal edilən badam tingləri məhv edilib

İspaniyadan ölkəmizə idxal edilən badam tingləri məhv edilib
  18 İyul 2019    Oxunub:1535
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır (Agrobacterium tumefaciens E. Sm. et Towns) aşkar edilib.
Agentlikdən Azvision.az - a verilən məlumata görə, aşkar edilən xəstəliyin təhlükəliliyi nəzərə alınaraq respublika ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə badam tingləri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəlik hesab edilir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir.

Bu bakteriya 18 fəsilədən çox bitkilərdə parazitlik edir (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.), tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərini daha çox sirayətləndirir və nəticədə bitkilərin məhvinə gətirib çıxarır.

Sözügedən xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə olunur.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti