“Mən deməmişəm ki, heç kim dəfnə gəlməsin” - Qabil Hüseynli

 “Mən deməmişəm ki, heç kim dəfnə gəlməsin” -    Qabil Hüseynli
  23 Avqust 2019    Oxunub:14505
“Mən bütün müxalifətə deməmişəm ki, pilotun dəfn mərasiminə gəlməyin. Sadəcə xahiş etdim ki, mərasim siyasiləşdirilməsin. Bildirdim ki, dəfn normal keçməli, orada siyasi xarakterli niyyətlər güdülməməlidir”
Bunu Azvision.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Mərhum pilot Rəşad Atakişiyevin qayınatası olan politoloq sosial şəbəkələrdə haqsız yerə tənqidlərə məruz qaldığını bildirib.

“Bir neçə gündür ki, başım yasa qarışıb. Haqqımda heç bir əsas olmadan fikirlər səsləndirilib. İndi də təkrar edirəm ki, yas mərasimində müxalifət nümayəndələrinin iştirakına etiraz etməmişəm. Fikirlərim fərqli şəkildə təqdim olunub. Sağ olsun, Sərdar Cəlaloğlu yaxınları ilə birlikdə yasda iştirak etdi. Fazil Mustafa dərdimizə şərik oldu. Hafiz Hacıyev və digərləri də gəlmişdi. Ən azından üç müxalifət partiyasından gəlib bizə başsağlığı verdilər”.

Q.Hüseynli qeyd edib ki, bəzi şəxslərin pilotun yas mərasimini siyasiləşdirəcəyi barədə ona məlumat daxil olub.

“Bir ay müddətində mənim və qudamın ailəsi ağır həyacan, iztirab keçirdi. Bu müddət ərzində bizimlə maraqlanmadılar. Gəlib qapımızı döyüb, dərdimizə şərik çıxan olmadı. Amma birdən-birə dəfn mərasimində bizim qulağımıza səs dəydi ki, kimlərsə başqa söhbətlər edir. Buna görə də mən mərasimin siyasiləşməsinin əleyhinə fikir ifadə edərək vurğuladım ki, əgər kimsə buna cəhd edəcəksə, yaxşı olar ki, iştirak etməsin. Bunu bütün müxalifətçilərin ünvanına deməmişəm. Ən azından mənimlə əlaqə saxlayıb, məsələni dəqiqləşdirə bilərdilər. Bunu da etmədilər”, - politoloq əlavə edib.

Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatlara əsasən, politoloq Qabil Hüseynli pilotun dəfn və yas mərasimində iştirak etməməsi üçün müxalifətə çağırış edib. Bu səbəbdən o, sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qabil-Hüseynli   Pilot   Dəfn   Müxalifət  





Xəbər lenti