“Meşələrimiz hər birimizin evidir” - Nazirlik rəsmisi çağırış etdi

  23 Avqust 2019    Oxunub : 1008
 “Meşələrimiz hər birimizin evidir” - Nazirlik rəsmisi çağırış etdi
Bu gün dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar var və heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azvision.az -a bildirib ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə genişmiqyaslı yanğınlar baş verməyib. Buna baxmayaraq, ETSN rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb.

"Bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı araşdırmalar göstərir ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir və dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində qalmalıdır. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınların qarşısının alınmasında sözün həqiqi mənasında qəhrəmanlıq göstərən, yanğının geniş ərazilərə yayılmasına imkan verməyən hər kəsə, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinə nazirliyimizin əməkdaşlarına bütün təbiətsevərlər adından və Nazirliyimiz adından böyük təşəkkürümüzü bildiririk. Onlar 2 gün ərzində isti havada, gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb əsil fədəkarlıq göstərərək yanğını söndürdülər, yayılmağa qoymadılar".

İ.İbrahimova qeyd edib ki, meşələrimiz hər birimizin evidir, onu yanğından qorumalıyıq: "İnanın, biz yanğın məsələsindən o qədər narahatıq ki, haradasa baş verən yanğın xəbərini böyük bir fəlakət kimi qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Meşələrimizdə yanğınların baş verməməsi üçün hər kəs diqqət göstərsin və oksigen mənbəyimiz olan meşələri var gücü ilə qorusun. Media nümayəndələrinə də minnətdarıq ki, hər zaman olduğu kimi meşə yanğınlarına xüsusi diqqətlə yanaşır, yanğın təhlükəsizliyi qaydalarının təbliğ olunmasında nümunə göstərir. ​ Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun".

Azvision.az

Teqlər: ETSN   Meşə   Yanğın