“Əsrin müqaviləsi”ndən 25 il ötür

  20 Sentyabr 2019    Oxunub : 2219
 “Əsrin müqaviləsi”ndən 25 il ötür
Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 25 il ötür.
Azvision.az xəbər verir ki, ümummilli liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (indiki “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyuldu. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.

2017-ci ilin sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha yaxşı şərtlərlə saziş imzalandı. Bu sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.

AÇG-nin 25 illik əsas faktları:

• 1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib.

Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.

• 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.

• Hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib.

• AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib.

• 1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyiblər.

• 2017-ci il sentyabrın 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb.

• Müqavilənin müddətinin uzadılmasının ardınca, bu il aprelin 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

• AÇG layihəsi çərçivəsində bir platforma – “Çıraq” platforması yenidən qurulmuş, 7 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

• Bu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu olub.

• AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 ətraf mühitə təsirin qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

Azvision.az

Teqlər: Əsrin-müqaviləsi