Gecə reysləri fəaliyyətə başlayır

  30 Sentyabr 2019    Oxunub : 1111
 Gecə reysləri fəaliyyətə başlayır
Oktyabrın 1-də 9 illik fasilədən sonra şəhərlərarası istiqamətdə ilk gecə reysi üzrə avtobuslar yola düşəcək.
Azvision.az xəbər verir ki, sabahdan Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları xidmətə başlayacaq.

Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.

Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.

Xatırladaq ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.

Azvision.az

Teqlər: Avtobus   Reys   Gecə