Xızıda yeni inşa olunan məktəb binası istifadəyə verilib

  26 Dekabr 2019    Oxunub : 1476
Xızıda yeni inşa olunan məktəb binası istifadəyə verilib
Rafiq İsmayılov adına Xızı şəhəri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binanın açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumaa görə, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, məktəb kollektivi iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir müavini və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Nazir müavini Məhəbbət Vəliyeva məktəb kollektivi ilə söhbət zamanı bildirib ki, müəllim və şagirdlər onlar üçün yaradılan bu şəraiti dəyərləndirməlidirlər. Nazir müavini qeyd edib ki, şagirdin milli-mənəvi dəyərlər ruhunda düzgün tərbiyələndirilməsi hər bir müəllimin vəzifə borcu olmalı və bu istiqamətdə iş düzgün təşkil edilməlidir.

Məhəbbət Vəliyeva təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, müəllim fəaliyyətinin stimullaşdırılması, məktəb tikintisi istiqamətində görülən işlərdən də danışıb.

Qeyd edək ki, sözügedən məktəb 420 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

Azvision.az

Teqlər: Məktəb   Təhsil   Xızı