Binəqədidə “kimyagər” narkobaron saxlanılıb - FOTO

  27 Dekabr 2019    Oxunub : 2009
 Binəqədidə “kimyagər” narkobaron saxlanılıb - FOTO
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Vasif Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş Elvin Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İran İslam Rrspublikası rialı aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Süleymanovun ərtafında araşdırma aparılan zaman onun müxtəlif kimyəvi məhlullardan sintetik tərkibli narkotik maddələr hazırladığı da məlum olub. Onun külli miqdarda narkotik vasitələri əvvəldən tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığı müəyyən edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.



Azvision.az

Teqlər: DİN