Bakının daha bir ərazisində yol hərəkətində dəyişiklik edilib

  01 Fevral 2020    Oxunub : 1328
Bakının daha bir ərazisində yol hərəkətində dəyişiklik edilib
Paytaxtın Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilir.
Bakı Nəqliyyat Agentlyindən (BNA) Azvision.az -a verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən svetofor obyektində əlavələr edilib.

Yeni quraşdırılmış svetoforun iş prinsipinə əsasən Ş.Mehdiyev küçəsinin yeni istifadəyə verilmiş hissəsindən (Hüseyn Cavid parkı tərəfdən) Ə.Haqverdiyev küçəsi ilə kəsişməyə doğru hərəkət edən nəqliyyat vasitələri kəsişmədən düzünə və sağa hərəkət edəcəyi halda, qarşı tərəfdən gələn nəqliyyat vasitələri istənilən istiqamətə yönələ biləcəklər. Lakin həmin istiqamətdən (Hərbi şəhərcik tərəfdən) sola dönən nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək onlar üçün ayrılmış növbəti fazada hərəkətlərini davam etdirəcəklər. Həyata keçirilmiş dəyişiklikdən sonra artıq nəqliyyat vasitələrinin Lev Landau küçəsindən qısa müddətdə Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsinə çıxışı mümkün olacaqdır. Bununla da, Hüseyn Cavid prospekti və onu əhatə edən digər küçələrin nəqliyyat yükü azaldılacaq.

Agentlik sürücülərdən sözügedən yol sahəsindən keçərkən yeni hərəkət sxeminə diqqət etməsini, yol nişanlarının, nişanlanma xətlərinin və svetoforun tələblərinə riayət etməsini, qəza hallarının yaranmasına şərait yaratmamasını xahiş edir.

Azvision.az

Teqlər: BNA   Yol