Səfir: “İran-Azərbaycan dostluğu əbədidir”

  10 Fevral 2020    Oxunub : 1885
 Səfir: “İran-Azərbaycan dostluğu əbədidir”
Bu gün Bakıda İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Azvision.az xəbər verir ki, qəbulda dövlət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Cavad Cahangirzadə bildirib ki, bu gün İran İslam Respublikası regional və beynəlxalq səviyyədə öz nüfuzunu artıraraq qalibcəsinə və qürurla ayaqda durur. Tətbiq edilən sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir.

Diplomat deyib ki, İran bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir: "Azərbaycan Respublikasına gəldikdə isə biz mümkün olan ən yüksək əlaqələri arzu edirik. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu əbədidir. Prezident Həsən RuhaniPrezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir".

Səfir qeyd edib ki, yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcək.

"İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin öz tarixində ən yüksək səviyyədə olduğuna şahidlik etdiyimə görə çox şadam. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrdə icra olunan birgə layihələr, o cümlədən bütün region üçün böyük əhəmiyyət kəsb edən Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi bizim iddialarımızı təsdiq edir".

Tədbirdə çıxış edən Baş Nazirin müavini Şahin Mustafayev iki ölkə aradında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini deyib. O bildirib ki, iki ölkə prezidenti arasında keçirilən görüşlər bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq.

"Azərbaycanda 1614 İran şirkəti fəaliyyət göstərir. Əlaqələrdə əsas istiqamətlərdən biri də nəqliyyatdır. İran vətəndaşlarının Azərbaycana gəliş-gedişi artıb, müntəzəm reyslər həyata keçirilir. Ümid edirəm ki, əməkdaşlığımız daha da inkişaf edəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Səfir   Şahin-Mustafayev