Çexiyadakı yeni səfirimiz kimdir? - DOSYE

 Çexiyadakı yeni səfirimiz kimdir? -    DOSYE
  12 Mart 2020    Oxunub:4665
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Adış Məmmədovu Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Azvision.az -ın məlumatına görə, Adış Sakit oğlu Məmmədov 1968-ci il dekabrın 17-də Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olub. 1986-cı ildə orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib və Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına qəbul olub. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.



2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2005-ci ildə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktoranturasına qəbul olub, hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.

A.Məmmədov 1995-1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində işləyib. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub. 2001-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində işləyib. 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində Müşavir olub.

Prezident İlham Əliyevin 2013-cü il 12 avqust tarixli sərəncamı ilə Azərbaycanın İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Evlidir, iki övladı var.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Səfir   Çexiya  





Xəbər lenti