Nurlan Həsənov yeni Əsasnamənin detallarını açıqladı

  Nurlan Həsənov yeni Əsasnamənin detallarını açıqladı
  06 May 2020    Oxunub:7190
"Bu gün Milli Məclisin İntizam komissiyasının iclasında iştirak etdim. İclasda İntizam komissiyasının fəaliyyətini tənzimləyən yeni Əsasnamə ətrafında fikir mübadiləsi apardıq".

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.
Deputat bildirib ki, indiyədək İntizam komissiyasının fəaliyyətini tənzimləyən konkret hüquqi baza olmayıb və bu, İntizam komissiyasının effektivliyinə heç də müsbət təsir göstərməyib:

"İndi isə yeni Əsasnamə hazırlanır və yaxın zamanda qəbul edilməsi gözlənilir. Yeni Əsasnamənin hazırlanması zamanı mövcud qanunvericilik aktlarından və eyni zamanda beynəlxalq təcrübədən istifadə edilir. Əsasnamədə İntizam komissiyasının təşkili, səlahiyyətləri, iclasların keçirilmə qaydası, komissiya tərəfindən müraciətlərə baxılması qaydası və müddətləri, İntizam komissiyasının üzvlərinin hüquqları və vəzifələri, həmçinin barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri tənzimlənəcəkdir".

N.Həsənov qeyd edib ki, İntizam komissiyası deputatların etik davranış qaydalarına və müvafiq qanunvericiliyin tələblərinə əməl etməsinə nəzarəti həyata keçirir:

"Lakin, İntizam komissiyası dedikdə sadəcə deputatı intizam məsuliyyətinə cəlb edən qurum başa düşülməməlidir. Ola bilər ki, hər hansı bir deputat barəsində əsassız olaraq nüfuzdan salan xəbərlər də yayıla bilər. Bu zaman İntizam komissiyası araşdırma apara bilər və əgər deputatın hərəkətində heç bir qüsur aşkar edilmədiyi halda, heç bir nöqsan halına yol vermədiyi barədə rəsmi açıqlama yayaraq deputatı qoruya bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nurlan-Həsənov   Milli-Məclis  





Xəbər lenti