“Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz” - Prezidentə yazırlar

  23 May 2020    Oxunub : 3721
 “Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz” - Prezidentə yazırlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Şəhid atası, Xocalı rayonundan məcburi köçkün Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, qayğınızı öz üzərimdə hiss etmişəm. Siz mənə və ailə üzvlərimizə qayğı göstərib bizə yeni həyat vermisiniz, bizi ev-eşik sahibi etmisiniz, Xocalı ağsaqqalı kimi məni böyük hörmətə layiq görmüsünüz. Hazırda iki oğlum var. Şəhid olmuş oğlumun adını daşıyan Etibar hərbi xidmətdədir. 15 yaşlı Fərhad isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq. Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək qiymətləndirir, bugünkü beynəlxalq bəlanın – koronavirusun ölkəmizdə geniş vüsət almaması üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, cansağlığı və uzun ömür arzulayıram.

Xüsusilə qeyd etmək istəyirəm ki, oğlum Etibarın xidmət etdiyi hərbi hissəyə görüşə gedəndə ürəyim açılır. Bir valideyn kimi məni hörmətlə qəbul edirlər. Hərbi hissədə gördüyümüz nizam-intizam, əsgərlərə göstərilən qayğı Sizin ciddi tapşırıqlarınızın nəticəsidir. Allah ömrünüzü uzun etsin!”.

Salyan şəhərindən Əliqulu Babayev: “Əziz Prezidentimiz, xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz salyanlılar da yüksək qiymətləndiririk. Siz hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir. Dünyanı bürüyən pandemiyanın qarşısını vaxtında almaq üçün verdiyiniz qərarlar və göstərdiyiniz səylər hesabına bu böyük bəladan üzüağ çıxmaqdayıq. Siz fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer vermisiniz. Salyan rayonu da bunun sayəsində xeyli gözəlləşib, inkişaf edib. Rayonun Qızılağac kəndində 1000 şagird yerlik məktəb binasının tikintisinə başlanılması hamımızı sevindirdi. Hazırda tikinti keyfiyyətlə və sürətlə aparılır. Cənab Prezident, xalq üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Biz həmişə Sizinləyik”.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən Faiq Orucov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyası ilə əlaqədar hazırda ölkəmiz sınaq dövrü yaşayır. Bu dövrdə hər bir vətəndaşı diqqətdə saxlayaraq ona qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik. Son illər sosial vəziyyətimizin yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Biz bu günlərdə də böyük qayğı ilə əhatə olunmuşuq. Biz də vəzifəmizin öhdəsindən layiqincə gəlmək, onlayn dərslər keçməklə şagirdlərin təhsildən qalmaması üçün çalışırıq. Müəllimlərə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından bir daha Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.

Bakının Nəsimi rayonunun sakini Malik Şirinlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, dəstəyə ehtiyac duyan insanlara dəstək göstərdiniz. Sizin sayənizdə imkansız ailələrə ərzaq yardımı verildi, işsiz vətəndaşlara maddi kömək göstərildi. Ulu Tanrı koronavirusa yoluxan bütün xəstələrimizə şəfa, onlara xidmət göstərən həkimlərə səbir və güc-qüvvət versin. Əziz Prezidentimiz, Allah Sizə hər zaman kömək olsun. Siz Azərbaycanın işıq saçan günəşisiniz. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib”.

Laçın rayonundan məcburi köçkün Şirxan Məmmədov yazır: “Möhtərəm cənab Prezidentimiz, əvvəlcə Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının Azərbaycana zəif təsirinin əsas səbəbi məhz Sizin vaxtında verdiyiniz düzgün qərarlardır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır. Dövləti yüksək peşəkarlıqla idarə etməyinizin, xalqın rifahının gündən-günə yaxşılaşmasının nəticəsidir ki, xeyli insan son aylarda işləməsə də, dövlətin qayğısı sayəsində rahat yaşaya və sağlam qala bildi.

Möhtərəm Prezidentimiz, xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Cənab Prezident, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Sizi Azərbaycana bəxş etməsidir. Tanrı hər zaman köməyiniz olsun!”.

Goranboy rayonunun Məşədiqaralar kəndindən Nəsimi Süleymanov: “Hörmətli cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyiniz səylərə görə təhsil işçisi olaraq ziyalılar adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm. Xüsusən də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr təqdirəlayiqdir. Cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi və ailənizi qorusun!”.

Gədəbəy rayonunun Əyrivəng kəndindən Altay Əsgərov: “Hörmətli cənab Prezident, bütün respublikamızda, o cümlədən Gədəbəydə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə təşəkkür edirəm. Uzun müddət idi ki, sakinlərimiz yanacaq və işıq sarıdan əziyyət çəkirdi. Artıq bu çətinliyimiz aradan qaldırılır. Hazırda 3000 sakini, 17 şəhidi olan, sərhəd bölgəsində yerləşən Arıqıran və Əyrivəng kəndlərində təbii qaz xəttinin çəkilişinə və elektrik xətlərinin, transformatorların dəyişdirilməsinə başlanılıb.

Cənab Prezident, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası səbəbindən yaranmış böhrana, iqtisadi və maliyyə çətinliyinə baxmayaraq, Siz diqqət və qayğınızı biz sakinlərdən yenə də əsirgəmədiniz. Hər bir Azərbaycan vətəndaşına, o cümlədən bizlərə göstərdiyiniz diqqət qayğıya görə Əyrivəng kəndinin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Azərbaycanımızı, Sizi və ailənizi qorusun!”.

Bakının Binəqədi rayonundan Rüfət Rəşidov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu gün bəşəriyyəti ağır sınaq qarşısında qoyaraq dünyanı təhdid edən COVID-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün verdiyiniz qətiyyətli göstərişləriniz bizi əmin etdi ki, xalqımız bu virusdan az zərərlə qurtulacaq. Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məni də qürurlandırdı və ruhlandırdı. Sizin Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə birlikdə etdiyiniz kömək sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır.

Möhtərəm cənab Prezident, əhaliyə göstərilən dəstək, verilən yardımlar və açılan yeni maska istehsalı müəssisəsi sübut edir ki, Siz həqiqətən də bu xalqa və Azərbaycana gərəksiniz. Bütün bu uğurlu işlərinizə görə şəxsən öz adımdan və ailəmin adımdan Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, bu şərəfli və çətin yolda sizlərə uğurlar arzulayıram”.

Göygöl rayonundan Vüqar Əsgərov: “Hörmətli cənab Prezident.

2020-ci ilin faciəsi olan və bu günədək yüzlərlə dövlətin iqtisadiyyatını sarsıdan, milyonlarla insanın təşviş və qorxu içində yaşamasına səbəb olan COVID-19 virusu Azərbaycan dövlətindən də yan keçməyib. Bu çətin dövrdə Azərbaycan xalqı şəxsən Sizin və iqtisadiyyatı güclü olan dövlətimizin dəstəyini gördü. Ehtiyacı olan hər bir ailə Sizin uğurlu siyasətiniz sayəsində maddi ödənişlər və ərzaq yardımları alır. Buna görə Sizə təşəkkür edirəm”.

Salyan rayonundan Təhminə Kərimova: “Hörmətli cənab Prezident, dünyanı bürüyən bu virus bizim ölkəmizdən də yan keçmədi. Böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Siz istər gəncləri, istər yaşlıları, istərsə də uşaqları qorumaq üçün əlinizdən gələni əsirgəmədiniz. Sizin xalqa çağırışınız, verdiyiniz qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsində ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi. Buna görə Sizə təşəkkür edirik. Bu çətin günlərdə xalq və Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir. Biz hər zaman Sizinləyik, cənab Prezident!”.

Masallı rayonunun sakinləri İlkin Ağayev, Cəlal Əliyev, Əfsər Nuriyev, İlhamə Əhmədova Ülkər Həbibova, Hikmət Abbasov və Əliyağa Hüseynov yazırlar: “Hörmətli cənab Prezident, Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, vaxtında gördüyünüz tədbirlər sayəsində tezliklə koronavirus bəlası Azərbaycan xalqının başı üzərindən çəkilər. Biz buna inanırıq. Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz qabaqlayıcı tədbirlər buna əmin olmağımıza əsas verir. Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, xalqımıza olan diqqət və qayğını gündən-günə artırırsınız. Dünyada geniş yayılmış koronavirusla mübarizədə güclü iqtisadiyyata malik olan ölkələrin aciz qaldığı bir dövrdə Azərbaycan xalqı Sizin qətiyyətli addımlarınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu bəladan az itki ilə qurtulacaq. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirik.

Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Allahın amanında olasınız!”.

Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyev: “Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir. Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Möhtərəm cənab Prezident, Hacıqabul rayon sakini və bir ziyalı kimi koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğunuza, hər zaman vətəndaşların yanında olduğunuza görə Sizə və Mehriban xanıma Hacıqabul rayon sakinləri adından, şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin rifahı və möhkəmlənməsi naminə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.

Sumqayıt şəhərinin sakini Mehriban Əhmədova: “Hörmətli cənab Prezident, Siz daim hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bütün addımlarınızla sübut edirsiniz. Koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub. Biz də belə ailələrdən biriyik. Bu günlərdə gördüyüm diqqət, ərzaq yardımı ilə təmin olunmağım mənə Qarabağ qazisi olan mərhum həyat yoldaşımın yoxluğunu unutdurdu. Sizə bu qayğıya görə minnətdarlıq bildirirəm. Allah Sizdən razı olsun!”.

Yevlax şəhərindən Abdurrahim Qarayev: “Hörmətli cənab Prezident, mən azərbaycanlı şagird olaraq Vətənimlə, Sizinlə fəxr edirəm. Sizin bütün vətəndaşların, o cümlədən məktəblilərin qayğısına qalmağınız bizlərə olan sevginin göstəricisidir.

Koronavirus pandemiyası ilə bağlı yürütdüyünüz siyasət nəticəsində Azərbaycan digər ölkələrə nisbətən daha az itkilər verir.

Sizə bütün işlərinizə görə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi, Sizi, xalqımızı qorusun!”.

Bakının Yasamal rayonundan Eldar Sultanov, Günel Məmmədova və Dilarə Quliyeva yazırlar: “Möhtərəm cənab Prezident, pandemiya dövründə xalqımızı qorumaq üçün vaxtında gördüyünüz tədbirlərə, bizə yardım edilməsinə tapşırıq verdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk. Sizi sevirik və hər zaman dəstəkləyirik. Evdə qalan, işə gedə bilməyən insanların bu çətin günlərdə maddi yardım və sovqatlarla təmin olunması böyük bir qayğının göstəricisidir. Biz də bu qayğını görən insanlardanıq. Bu işlərdə Heydər Əliyev Fondu da öz köməyini əsirgəmir. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi güclü, qüdrətli Prezidenti var. Allah Sizi və ailənizi qorusun! Hər zaman Sizinləyik”.

Bakının Nəsimi rayonundan Adil Ağayev: “Hörmətli cənab Prezident, Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Dünyada geniş yayılan bu bəla Sizin müdrik siyasətinizin nəticəsidir ki, ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır. Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq”.

Bakının Yasamal rayonundan şagird Elxan Nuriyev: “Çox hörmətli cənab Prezident, mənim 16 yaşım var, orta məktəb şagirdiyəm. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, ulu öndər Heydər Əliyev və Siz müdrik qərarlarınızla və siyasətinizlə Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyan taleyüklü məsələlərin həllinə nail olmusunuz. Məktəblərdə müəllimlər və şagird dostlarım bütün bunlarla bağlı ağızdolusu danışırlar. COVID-19 pandemiyasını da bu cərgəyə aid etmək olar. Sizin sərəncamlarınız, tapşırıqlarınız, çağırışlarınız hesabına bu xəstəliklə layiqli mübarizə aparırıq və qalib gələcəyimizə böyük inamımız var. Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Sizə təşəkkür edirəm. Bu dərslər mənim üçün çox vacibdir. Orta və ali məktəb arasında keçid mərhələsində olduğumdan təhsilimdə yarana biləcək böyük fasilə mənim gələcəyimə mənfi təsir göstərə bilər. Ona görə də onlayn dərslərə daha məsuliyyətlə hazırlaşıram. Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”.

Şirvan şəhərindən Aybəniz Zülfiqarova: “Möhtərəm cənab Prezident, Siz müasir Azərbaycanın banisi, memarı, adı və imzası tarixə qızıl hərflərlə yazılmış ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Hər bir vətəndaşın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçün gördüyünüz tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bundan əlavə, müxtəlif sahələrdə apardığınız islahatları da dəstəkləyir, bu istiqamətdəki fəaliyyətinizə Sizə uğurlar diləyirəm.

Siz çıxışlarınızda gənclərə dəstək verdiyinizi daim vurğulayır və onların inkişafı üçün geniş imkanlar yaradırsınız. Mən bir gənc olaraq Sizin kimi ədalətli, xalqını sevən, qoruyan liderimiz olduğu üçün sonsuz sevinc, qürur, şərəf hissi keçirirəm”.

Bakı şəhərindən həkim İlqar Əzimov: “Hörmətli cənab Prezident, Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizə aparır. Dünyada yayılan ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq, mən də COVID-19-a yoluxdum. 10 aprel-9 may tarixlərində “Yeni Klinika”da çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı oldum. O dövrdə TƏBİB başda olmaqla bütün “Yeni Klinika” heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bildilər. Bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası, insani münasibətin memarı olan Sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və “Yeni Klinika”ya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir”.

Beyləqandan Sahilə Fərmanova: “Möhtərəm cənab Prezident, dünyanı sarsıdan COVID-19 pandemiyası xalqımız üçün də qorxu yaradırdı. Sizin uzaqgörən siyasətiniz bu qorxunc xəstəliyin sürətlə yayılmasının qarşısına böyük bir sədd çəkdi. Koronovirus pandemiyasına qarşı atdığınız uğurlu addımların nəticəsi göz qabağındadır. Biz böyük müəllim ordusu Sizə güvənir və xalqımızın rifahı naminə bütün sahələrdə apardığınız islahatları ürəkdən bəyənirik. Allah Sizi qorusun!”.

Abşeron rayonundan Pərvanə Əliyeva: “Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyasının təsirləri Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə minimum səviyyəyə endirildi. Sizin və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın məqsədyönlü işləriniz sayəsində bu mübarizədən üzüağ, alnıaçıq çıxmaqdayıq. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır. Xalqımızın sağlamlığını düşünərək “Evdə qal!” çağırışını etdiniz. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatlarının yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik”.

Göyçay rayonunun sakinləri Pərviz Həsənov və Ceyhun Mütəllimov: “Möhtərəm cənab Prezident, xalqımız Sizi çox sevir və dəstəkləyir. Ulu öndər Heydər Əliyev və Siz Azərbaycan xalqına azad yaşamağı qismət etdiniz. Ulu Öndərimiz demişdir: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Siz bu gün hər bir insanın taleyini dövlətin ümdə işinə çevirmisiniz. Hər birimizə göstərilən qayğı dövlətin hər an vətəndaşının yanında olduğunu göstərir.

Biz, ailələrimiz, bütün Azərbaycan xalqı Sizə minnətdarıq. Çox sağ olun, cənab Prezident!”.

Şamaxıdan Məryəm Süleymanova: “Əziz Prezidentimiz, uşaqlar Sizi də, Mehriban xanımı da çox istəyirlər. Koronavirus təhlükəsindən xalqımızı qoruduğunuza və bu çətin günlərdə hamıya yardımlar etdiyinizə, hər bir kəsə kömək göstərdiyinizə görə ailəmiz Sizə minnətdardır. Mən, həmçinin təhsil aldığım Şamaxı Avropa Liseyinin 1d sinfinin şagirdləri adından da Sizə təşəkkür edirəm.

Allah Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Məktub