Tibb müəssisələrinin akkreditasiyasına görə rüsumlar məlum oldu

  25 İyun 2020    Oxunub : 1281
  Tibb müəssisələrinin akkreditasiyasına görə rüsumlar məlum oldu
Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləği məlub olub.
Azvision.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat

- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.

Eyni zamanda, qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.

Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli 1628-VQD nömrəli qanunu ilə tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub. Tibb müəssisələrinin akkreditasiyasını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcək.

Qanunda tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması nəzərdə tutulub.

Həmin qanuna uyğun olaraq “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik layihəsi hazırlanıb. Qanun layihəsi ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləğini ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləğini isə çarpayı sayına görə diferansiallaşdırır.

Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyetli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: