`Ermənilər məhkəməni azdırmağa çalışırdılar ` - VİDEO

`Ermənilər məhkəməni azdırmağa çalışırdılar ` - VİDEO
  24 Yanvar 2014    Oxunub:1126
Avropa İnsan Haqları Məhkəməsində keçirilən “Çıraqov Ermənistana qarşı” adlı məhkəmə prosesində iştirak etmək üçün Strasburqa gedən həmvətənlərimiz dünən gecə Vətənə qayıdıblar.

Azvision.az onları hava limanında qarşılayaraq, Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovdan, iddiaçılar Fəxrəddin PaşayevAkif Həsənovdan açıqlamalar alıb.

Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov:



- Proses, fikrimizcə, yaxşı keçdi. Bizə yardım göstərən vəkillər də, ərizəçilərin vəkilləri də prosesi çox yaxşı qiymətləndiriblər. Ümumiyyətlə, bu məhkəmə iclasında bizim mövqeyimiz daha düzgün, faktlara əsaslanan mövqe kimi göstərilib.

- Erməni xəbər saytları belə bir fikir yayırlar ki, Azərbaycandan olan iddiaçılar Ermənistan məhkəmələrinə müraciət etmədikləri üçün onların iddiaları əsassızdır...

- Ermənilər həmişəki kimi yalan danışırlar və bu, məhkəmə iclasında yenə özünü biruzə verib. Çünki ermənilər bu proses zamanı - proses 9 ilə yaxındır aparılır,- Ermənistan məhkəmələri bir neçə qərarı çıxarmışdılar ki, guya azərbaycanlılar onlara müraciət edirlər və Ermənistan məhkəmələri onların işlərinə baxır. Amma biz məhkəmənin diqqətinə çatdırmışıq ki, həmin iddialar Azərbaycan vətəndaşları tərəfindən verilməyib.

Bu məhkəmə iclasında da ermənilər yenə məhkəməni azdırmaq istəyirdilər. Erməni tərəfinin vəkili bildirmişdi ki, iki nəfər azərbaycanlı guya Dağlıq Qarabağın məhkəmələrinə müraciət edib və həmin məhkəmə də bu işlərə baxaraq, eyni məsələ - yəni mülkiyyətin qaytarılması məsələsi üzrə qətnamələr çıxarıblar. Və bildiriblər ki, hər iki iş üzrə qətnamələrin nümunələri Avropa məhkəməsinə iclasdan iki gün əvvəl təqdim edilib.

Əlbəttə, bu, qəbuledilməzdir. Və mən hesab edirəm ki, məhkəmə də öz təcrübəsinə əsaslanaraq bu iddiaları, “sübutları” rədd edəcək. Çünki Avropa Məhkəməsində müəyyən edilmiş təcrübəyə əsasən, hər bir sənədin təqdim edilməsi müddəti var. Və dünənki məhkəmə iclası üçün sənədləri təqdimetmə müddəti dekabrın 18-də bitmişdi. Bu müddətdən sonra təqdim edilən sənədlər, əlbəttə ki, qəbuledilən olmayacaq.

- Məhkəmənin yekun qərarı nə vaxt bilinəcək?

- Bu, mürəkkəb sualdır. Keçən dəfə Avropa Məhkəməsi şikayətin mümkünlüyünə baxaraq, qərarı 15 aydan sonra elan etmişdi. Əlbəttə, biz ümid edə bilərik ki, qərar 4-5 aya elan olunacaq, amma təcrübə başqa cür göstərir. Biz gözləməliyik.

- Hansı qərarı gözləyirsiniz?

- Biz müsbət qərar gözləyirik. Bizim gözlədiyimiz Azərbaycanın məcburi köçkünlərinin və Azərbaycan dövlətinin mövqeyini əks etdirən qərardır. Yəni Ermənistanın işğalçı siyasətinin nəticəsində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasının müəyyən edilməsi.

Fəxrəddin Paşayev:



- Avropa İnsan Haqqları məhkəməsi, bildiyiniz kimi, müstəqil məhkəmədir, müstəqil məhkəmənin də özünün proseduraları var. Mənə belə gəlir ki, məhkəmə normal keçdi. Bizim iddiaçılar tərəfindən böyük bir hüquqşünaslar komandası iştirak edirdi. Ölkəmizin AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun rəhbərliyilə Azərbaycan höküməti tərəfindən tutulmuş 6 nəfərlik vəkil kollegiyası iştirak edirdi. Onlar çox tutarlı və təkzibedilməz faktlarla sübut etməyə və hakimlərin nəzərinə çatdırmağa çalışdılar ki, Ermənistan təcavüzkar bir dövlətdir, Azərbaycan ərazilərini işğal edib, Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilərdən bir milyona qədər Azərbaycan vətəndaşını deportasiya edib, yerindən-yurdundan didərgin salıb.

Ermənistan tərəfi isə bunu təkzib etməyə çalışdı ki, bu hal Ermənistan hakimiyyəti tərəfindən yox, Dağlıq Qarabağ tərəfindən həyata keçirilib. Bir də dedilər ki, iddiaçılar niyə birbaşa Avropa İnsan Haqqları məhkəməsinə müraciət edir? Ermənistan məhkəmələrinə və Dağlıq Qarabağ məhkəmələrinə müraciət eləsəydilər, bu iş həll olunardı.

Bunlar absurd fikirlərdir. Fikrimcə, Azərbaycan tərəfi onların bu fikirlərini alt-üst eləməyə nail oldu. Bütün zalda əyləşənlərdə, mətbuat nümayəndələrində belə bir inam yarandı ki, ermənilər yalan və böhtandan başqa bir işlə məşğul deyillər.

Akif Həsənov:



- Çox gərgin mübarizə şəraitində keçən məhkəmə idi. Avropanın paytaxtı sayılan Strasburqdakı Avropa Məhkəməsinin möhtəşəm zalında 21 nüfuzlu dövlətin hakiminin iştirakı ilə keçirilən məhkəmə həm çox gərgin, həm də deyərdim ki, çox ədalətli şəkildə baş tutdu.

Ənənəvi olaraq ermənilər hər dəfə müxtəlif yalanlara, riyalara, iftiralara əl atsa da, bu dəfə də vəkilləri təlimatlandırılmış şəkildə həqiqəti pərdələməyə çalışsa da, buna nail olmadılar. Hakimlərin onlara verdiyi suallarla, deyərdim ki, gülməli və məntiqsiz cavablar verdilər. Doğurdan da, Avropanın paytaxtında bir çox məsələlərin həllini tapdığı məhkəmə öz adına layiq keçirildi. Ümidimiz böyükdür, İnşallah, Ulu Tanrımızın mərhəməti ilə, insanların ədalət hissi ilə haqqın yerini alacağına böyük ümidimiz var.

AzVision.az


Teqlər:  





Xəbər lenti