Leyla Yunusun iddialarına iqtidardan cavab

Leyla Yunusun iddialarına iqtidardan cavab
  24 Yanvar 2014    Oxunub:920
“Dünən "Sülh və Demokratiya İnstitutu" adlanan qeydiyyatdan keçməmiş, radikal yönümlü QHT rəhbəri Leyla Yunus Azərbaycanda 134 "siyasi məhbusun" olduğunu elan edib. Xanım Leyla Yunusun siyasi məhbuslarla bağlı elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Leyla Yunusun təqdim etdiyi siyahı həqiqətə uyğun deyil:

“100-dən çox insan barəsində məlumat toplamaq və sistemləşdirmək bir insanın gücündə deyil. Digər tərəfdən Leyla Yunusun bunu hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslara tərtib etdiyi də məlum deyil və o bunu heç zaman açıqlamır.

Onun siyasi məhbus elan etdiyi insanların hansı hüquqi əsasa görə siyasi məhbus və vicdan məhbusu hesab edilməsinin özü də kifayət qədər mübahisəli məsələdir. Çünki, siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib. Ona görə də ilk baxışdan onun iddiası əsassız hesab edilir.

Məhbus məhkəmənin qərarı ilə həbs cəzası olan insanlara deyilir. Leyla Yunus haqqında tədqiqat, istintaq gedən insanları da məhbus kimi təqdim edib. Bu isə heç bir hüquqi standartlara uyğun gəlmir.

Bundan əvvəl də Leyla Yunus müəyyən siyahı tərkib etmək üçün cəhd edirdi. Sonradan isə məlum olurdu ki, bu siyahılar onun öz təşəbbüsü ilə deyil, Avropanın bəzi ölkələrini və, maliyyə mənbələri şübhəli olan müəyyən fondların maliyyə sifarişi ilə tərtib olunub. Göründüyü kimi, bu artıq insanların hüququnun müdafiəsi deyil, xaricdən verilən qrantın qorunmasının müdafiəsidir.

Bir qayda olaraq Leyla Yunusun tərtib etdiyi siyahılar digər insan hüquqlarının müdafiəsi təşkilatların nümayəndələri tərəfindən etirazla qarşılanır. Onlar bu siyahının subyektiv amillər əsasında, siyasi maraqlara görə tərtib edildiyini bildirirlər. Xanım Yunus isə bu ittihamların heç birinə cavab vermir, çünki, polemikaya, şəxsi iddialarını əsaslı arqumenntlərlə müdafiə etməyə hazır deyil”.

AzVision.az


Teqlər:  





Xəbər lenti