Torpaq alqı-satqısında yenilik

Torpaq alqı-satqısında yenilik
  24 Yanvar 2014    Oxunub:1337
Azərbaycanda bələdiyyə torpaqlarının alqısı üzrə sifarişlərə baxılma müddətinin uzadılması təklif edilir.
AzVision.az-ın məlumatına görə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun layihəsi bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.

Parlament komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, təcrübə göstərir ki, hazırda sifarişlərə 5 gün ərzində baxılma müddəti kifayət etmir: "Səbəb ondan ibarətdir ki, zəruri prosedur və yoxlamalara bir çox hallarda xeyli vaxt tələb olunur. Buna görə də bu müddəti 15 günədək artırmaq məqsədəuyğun olardı".

Qəbul edilən qərara əsasən nəzərdə tutulan hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olan sənədlərlə 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir.

Digər dəyişiklik 23-cü maddənin yenidən redaktə edilməsini nəzərdə tutur. A. Rəhimzadə qeyd edib ki, ayrılan torpaqların dəyərinin qiymətləndirilməsi mexanizmini müəyyənləşdirən maddənin əvvəlki redaktəsi kifayət qədər konkret deyildi və ikili məna verirdi: "Yeni redaktədə ayrılan sahənin dəyərinin müəyyənləşdirilməsi mexanizmi birbaşa və konkret göstərilib - əgər daha əvvəl hərrac qiyməti əsas götürülürdüsə, gələcəkdə torpağın dəyəri torpağa görə 3 ən yüksək hərrac qiymətinin orta qiyməti əsasında müəyyənləşdiriləcək".

Müzakirələrin yekunu olaraq qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasın tövsiyə edilib.

Sevinc


Teqlər:  





Xəbər lenti