Ali Məhkəmə hesabat verdi

Ali Məhkəmə hesabat verdi
  24 Yanvar 2014    Oxunub:2006
Bu gün 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.
AzVision.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb, Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, maddi-texniki baza möhkəmləndirilib, hakimlərin və məhkəmə aparatı işçilərinin əmək haqları artırılıb. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2013-cü il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilib.

Ali Məhkəmənin sədri vurğulayıb ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunan beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2013-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib.

Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2013-cü ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd edib.
Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2013-cü ildə baxılan işlərin sayı 2012-ci illə müqayisədə artıb. Mülki kollegiyada 6,2 faiz, inzibati-iqtisadi kollegiyada 49,2 faiz, cinayət kollegiyasında 3,6 faiz, hərbi kollegiyada isə 9,7 faiz artma müşahidə olunub. Ailə, mülkiyyət, əmək hüququna, torpaq, vergi, bank krediti məsələləri ilə əlaqədar baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə qeyd edilib ki, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı vəzifəli şəxslərin qanunla uzlaşmayan hərəkətlərinə dair inzibati işlərə baxılması 91,8 faiz təşkil edib.

Ümumiyyətlə, Ali Məhkəmədə baxılan işlərin sayı 12,5 faiz artdığına görə ləğv olunan məhkəmə qərarlarının sayı da buna nisbətdə artıb.

Plenumda Analitik və qanunvericiliyin sistemləşdirilməsi, Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbələri müdirlərinin 2013-cü ilin yekunlarına dair hesabatları dinlənilib. Qeyd olunub ki, 2013-cü ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb.

Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunub. Bunu, vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar.

Ali Məhkəmənin Plenumunun 2013-cü ildə 6 iclası keçirilib, 21 qərar çıxarılıb.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi və Ali Məhkəmənin 2014-cü ilin birinci yarısına dair iş planı təsdiq edilib.

Plenumda konkret işlərə baxılıb, müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti