AŞPA-nın qış sessiyası başladı

AŞPA-nın qış sessiyası başladı
  27 Yanvar 2014    Oxunub:1002
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır.
Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. AzVision.az-ın məlumatına görə, Strasburqda keçiriləcək iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov və Aydın Abbasov iştirak edəcəklər.

Avropa Şurası Parlament Assambleyasının bu sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq. “Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək”, “İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti”, “Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması”, “Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi”, “Avropadakı miqrantların problemləri” və s. mövzularda məruzələr dinləniləcək. Fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək.

İclasda “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” məsələsi gündəmdə olacaq. “Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi” mövzusu nəzərdən keçiriləcək.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti