Azərbaycan deputatları AŞPA-da etiraz etdilər

Azərbaycan deputatları AŞPA-da etiraz etdilər
  28 Yanvar 2014    Oxunub:1093
`Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən narahat olan qüvvələr də vardır`

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə bir çox məsələlər, eləcə də bu qurumun bürosunun və daimi komitəsinin fəaliyyəti müzakirə olunub.

AzVision.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, AŞPA-nın keçmiş sədri Jan-Klod Minyon büronun və daimi komitənin fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Azərbaycanın iqtisadi yüksəlişi, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə barışmayan bəzi üzdəniraq deputatlar məruzə ətrafında müzakirələr zamanı ölkəmizə qara yaxmağa, Azərbaycanda demokratik və şəffaf şəraitdə, Avropa Şurasının standartlarına tama cavab verən prezident seçkilərinə kölgə salmağa cəhd göstəriblər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları tutarlı, məntiqli və əsaslı faktlara söykənən çıxışları ilə onlara layiqli cavab veriblər.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, yenidən qurumun sədr müavini və büro üzvü seçilən Səməd Seyidov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Assambleyanın keçmiş sədri Jan-Klod Minyonun göstərdiyi səyləri yüksək qiymətləndirmiş, məhz onun sayəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin danışıqları bərpa etdiyini diqqətə çatdırıb.
Ötən ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin artıq müzakirə olunduğunu və bu seçkilərin AŞPA-da böyük əksəriyyət tərəfindən bəyənildiyini vurğulayan S.Seyidov qurumun seçki ilə bağlı ümumi qərarına hörmət edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, əgər irəliləyə doğru hərəkət etmək istəyiriksə, Azərbaycanda seçkilərin demokratik keçməsi faktına göz yummamalıyıq. Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etibarlı tərəfdaşı olan stabil ölkədir.

O deyib ki, Azərbaycandakı demokratiya ilə AŞPA deputatlarının bəziləri razılaşmaya bilər. Amma buna baxmayaraq hamımız artıq qəbul olunan qərara hörmətlə yanaşmalıyıq. Azərbaycanı tənqid etmək istəyənlər yaddan çıxarmamalıdırlar ki, hətta bu gün belə davam edən münaqişəyə zəminində ölkəmizdə günahsız uşaqlar və qadınlar qətlə yetirilir. Baxın, bu vəziyyətdə biz demokratiya qururuq. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüzlə biz öz problemlərimizi həll etməyə səy göstəririk.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov da müzakirələrdə çıxış edib və ölkəmizdə keçirilmiş son prezident seçkilərinin bir sıra mühüm məqamlarını diqqətə çatdırıb. O, Azərbaycana qarşı bədxah, qeyri-obyektiv mövqeyi ilə seçilən isveçli deputat Marietta Purbax-Landinin AŞPA tərəfindən müsbət qiymətləndirilmiş prezident seçkilərinə qara yaxmaq cəhdlərinin də cavabsız qoymayıb: “Hər dəfə yeni sessiya başlanarkən dinlədiyimiz ənənəvi hesabat məruzəsi yalnız görülmüş işləri sadalamır, həm də keçilmiş yol barədə bir daha düşünməyə sövq edir. Payız sessiyası ilə qış sessiyası arasındakı məsafə qısadır, lakin hətta bu qısa müddətdə də üzv ölkələrdə cərəyan edən proseslərin ümumi mənzərəsini göz önünə gətirəndə hansısa vacib hadisələrin gerçəkləşdiyini, gələcəklə bağlı mühüm dəyişikliklərin baş verdiyini, yaxud onların baş verməsi üçün təməllərin yarandığını görürük. Mənim ölkəmdə - Azərbaycanda prezident seçkiləri keçirildi və həmin seçkilər bir neçə cəhəti ilə fərqləndi. Bu, Azərbaycanın 70 il sovet rejimi içərisində qaldıqdan sonra yenidən bərpa etdiyi müstəqillik dövründə keçirilən altıncı prezident seçkiləri idi. Təbii ki, hər yeni seçki ilə ölkənin demokratiya vərdişləri daha da mükəmməlləşir və ötən seçkilərə nisbətən daha artıq irəliləyişə nail olunur. Söz yox ki, xalqın seçki mədəniyyəti də daha artıq cilalanır. Budəfəki seçkilərdə Azərbaycan əhalisinin 72,31 faizi iştirak etmiş və dünyanın onlarla ölkəsindən gəlmiş müşahidəçilər də bütün ölkə boyu seyr ediblər ki, əhalidə hansı ruh yüksəkliyi vardı. Zənnimcə, ən böyük nailiyyət, ən əsas nəticə də elə bundan ibarətdir ki, xalqda seçkilərə və öz müqəddəratını müəyyən etməkdə əsas qüvvə olmasına inam hissi qəti şəkildə formalaşıb. Mən isveçli xanım həmkarımızın əsassız iradlarına cavab olaraq bəyan edirəm ki, əgər bu inam hissi olmasaydı, heç bir qüvvə 4 milyona yaxın insanı belə coşqun əhval-ruhiyyə ilə seçki məntəqələrinə yönəldə bilməzdi. Corc Vaşinqtonun məşhur sözləridir ki, bir insanı bir neçə dəfə aldatmaq olar, çox insanı bir dəfə aldatmaq olar. Çoxlu insanı dəfələrlə aldatmaq mümkün deyil. Azərbaycanda tamamilə azad və şəffaf keçirilmiş prezident seçkilərində məntəqələrə gələn 4 milyona yaxın insan son 10 ildə ölkədə hansı irəliləyişlərin əldə edildiyinə, hansı inkişafa nail olunduğuna, həyatlarının necə yaxşılaşdığına bilavasitə şahid olublar. Onları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmaması, əmələ çevrilməsi idi. Səs verənlərin 85 faizə yaxın hissəsi Prezident İlham Əliyevi yenidən ölkənin rəhbəri görmək istədisə, bu xalqın iradəsinin, dövlət başçısına etibarının ifadəsi idi”.

Deputat Rafael Hüseynov elə bu kontekstdə dövlətlərin müstəqil siyasət aparmalarının nə qədər çətin olduğunu və heç də bütün üzv ölkələrin Azərbaycan kimi kənar xarici təsirlər altına düşmədən öz daxili və xarici siyasətini yeritməyə qadir olmadıqlarını vurğulayıb: “Bir həqiqəti də açıq demək lazımdır ki, Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən narahat olan qüvvələr də vardır. Azərbaycanda keçirilmiş prezident seçkiləri öncəsi, eləcə də seçkidən sonra həm xalqın iradəsinə, həm də ümumiyyətlə cərəyan edən proseslərə kənardan müdaxilə etmək, təsir göstərmək cəhdlərini müşahidə etdik. Əslində mənim bu çıxışda məqsədim Avropa Şurasına üzv olan bir sıra müstəqil ölkələrə müstəqil siyasət aparmaqda mane olan təhlükələrə diqqət yönəltməkdir. Burada bizim sıralarımızda artıq elə dövlətlər var ki, onların suverenliyi sırf formal xarakter daşıyır və onlar hər addımlarını kənardakı böyük dövlətin diqtəsi ilə atırlar. Bir sıra üzv dövlətlərin müstəqil siyasət aparmağa qadir olmamalarının, kənar təsirlərdən asılılığının nəticəsidir ki, müəyyən münaqişələr düyünə düşərək heç cür həllini tapa bilmir, hansısa yeni münaqişələr başlanır, dövlətlərarası münasibətlərdə namüəyyənliklər ortaya çıxır. Son olaraq bütün bunların zərbələri həmin ölkələrin sadə insanlarına, xalqa, onların indisi və gələcəyinə dəyir. Müstəqil siyasət aparmaq o qədər müşküldür ki, müşahidələrimizə görə bəzən hətta nüfuzlu beynəlxalq təşkilatlar, o sıradan Avropa Şurası da kənardan təsirlərə məruz qala bilir. Bundan nicat tapmağın mümkün yollarından biri bir-birimizə dəstək olmağımız, kənar təsirləri sadəcə seyrçi kimi müşahidə etməyərək səsimizi qaldırmağımızdır. Bunun üçünsə, gərək üzv ölkələrin burada təmsil olunan deputatları fəal olmalı, ölkələrinə qarşı yönələn arzuedilməz təmayüllər barədə mütəmadi səslərini qaldırmalıdırlar”.

R.Hüseynov bu problemin Avropa Şurasında xüsusi diqqətdə saxlanılmasının zəruriliyini qeyd edib və təklif irəli sürüb: “Düşünürəm ki, hətta bu mövzuda – kənardan siyasi müdaxilə və təsirlərin üzv ölkələrin inkişafına yaratdığı maneələrlə əlaqədar ayrıca bir cəsarətli analitik hesabat da hazırlamaq məqsədəuyğun olardı”.

Azərbaycanlı deputatın mülahizələri AŞPA üzvləri tərəfindən rəğbətlə qarşılanıb.

Məruzə ətrafında çıxış edən deputatların bir çoxu bəzi həmkarlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmələrindən təəssüf hissi keçirdiklərini bəyan edib, dünyəvi dövlət olan Azərbaycanda rusların, yəhudilərin, gürcülərin və azlıq təşkil edən digər etnik qrupların əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqlarını, dinlərini, dillərini və mədəniyyətlərini inkişaf etdirməkdə onlara maneə yaradılmadığını, əksinə, onlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini, Azərbaycan tolerantlığının digər ölkələr üçün nümunə olduğunu diqqətə çatdırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti