Azərbaycanın xanım nazirləri: Onlar kimlərdir?

Azərbaycanın xanım nazirləri: Onlar kimlərdir?
  28 Yanvar 2014    Oxunub:15372
AzVision.az saytı xanım məmurlarla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə vaxtilə ölkənin ən ali postlarında söz sahibi olan keçmiş xanım nazirlərdən bəhs edəcəyik. İndi bu vəzifəni tutan xanımlarımız olmasa da, amma qeyd edək ki, 2000-ci illərə qədər qadın nazirlərimiz olub.

Azərbaycanda nazir olan 4 xanım haqqında məlumat verək.

Azərbaycanın ilk qadın naziri

Beləliklə başlayaq, diplomatik missiyanı yerinə yetirən ilk qadın xarici işlər nazir Tahirə Tahirovadan…

Diplomat xanım 1913-cü il noyabr ayının 7-də Türkmənistanın Bayraməli vilayətində ziyalı ailəsində anadan olub. O, 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlayıb, 1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub.

Yüksək postlarda çalışan T.Tahirova 1957 -ildə Azərbaycan SSR Xarici İşlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayır və 1983-cü ildə nazirlik fəaliyyətinə son qoyur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərb. SSR Ali Sovetinin (3,5-7-ci çağırış) deputatı olub.

Həm xarici işlər, həm də təhsil naziri olmuş Elmira Qafarova

1983-cü ildən sonra Tahirə Tahirovanın ardınca həmcinsi Elmira Qafarova xarici işlər naziri postunu tutub. 1934-cü il martın 1-də Bakıda anadan olan eks-nazir Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir sıra yüksək vəzifələrdə çalışan Elmira Qafarova 1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri olub.

1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb,1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb.

1990-cı ilin may ayında Azərbaycan SSR Ali Sovetinin sədri seçilib və 1990-1992-ci illərdə bu vəzifədə çalışıb.

E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Kreslosunu Fikrət Məmmədova verən xanım

Keçmiş ədliyyə naziri Südabə Həsənova 1947-ci ildə Şərurda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləyib.

S.Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunsa da, 1998-ci il yanvar ayından 2000-ci ilədək Ədliyyə naziri olub.

Prezidentin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Ali Məhkəməsinin sədri təyin edilib. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib, Ali Məhkəmənin hakimi saxlanılıb.

Vaxtilə Mikayıl Cabbarovun yerini tutan Lidiya Rəsulova

Sabiq təhsil naziri Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olub. Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil alıb. Keçmiş nazir 1981-1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycanın sosial təminat naziri, Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

O, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləyib. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunub. Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Tanınmış ictimai xadim, Prezidentin fərdi təqaüdçüsü Lidiya Rəsulova 2012-ci il fevralın 5-də 71 yaşında dünyasını dəyişib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti