YAP ABŞ-a etiraz məktubu göndərir

YAP ABŞ-a etiraz məktubu göndərir
  30 Yanvar 2014    Oxunub:3512
Yeni Azərbaycan Partiyasının (YAP) Los-Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımasına etiraz edib. Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı partiyanın Gənclər birliyi Los-Anceles Şəhər Şurasına etiraz məktubu göndərəcək:

“Azərbaycanın gənclər təşkilatları, mediası Los-Anceles Şəhər Şurasına müxtəlif vasitələrlə etirazlarını çatdırmalıdır. Bizim partiyanın Gənclər birliyi həmin məsələ ilə əlaqədar etiraz məktublarını həmin ünvanlara göndərirlər. Bizim Gənclər birliyimiz ermənilərin işğal etdiyi ərazilərimiz barədə, həmçinin Xocalı soyqırımı barədə məlumatları Şəhər Şurasının üzvlərinə göndərməklə onları həqiqəti dərk etməyə çağıracaq”.
YAP rəsmisi həmçinin bildirib ki, bu tipli “tanımaların” heç bir siyasi və diplomatik əhəmiyyəti yoxdur.

“Belə “tanımaları” biz əvvəllər də görmüşük. ABŞ-ın Los-Anceles Şəhər Şurasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyıb-tanımamasının nə Azərbaycanın ərazi bütövlüyünə, nə də beynəlxalq hüquqda təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qanunlara, qaydalara təsiri olmayacaq. Sadəcə erməni lobbi təşkilatları bu ərazidə müxtəlif vasitələrdən istifadə edərək bu tipli “tanımaları” həyata keçirməklə bir növ ermənilərin miskin vəziyyətə düşmüş, pis vəziyyətdə olan mənəvi-psixoloji durumunu qaldırmaq istəyirlər”.

Partiya rəsmisi vurğulayıb ki, bu məsələ ilə bağlı ABŞ hökumətinin mövqeyi daha vacibdir: “Birincisi bizim üçün önəmli olan beynəlxalq təşkilatlar və onların qəbul etdiyi qətnamələrdir. İkincisi, ABŞ federal hökumətinin mövqeyi önəmlidir. ABŞ federal hökuməti Azərbaycanın ərazi bütövlüyün tanıyır, oyuncaq Dağlıq Qarabağı tanımır. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın Ermənistanla münaqişəsində birmənalı olaraq torpaq bütövlüyümüzü qəbul edir. Erməni diasporunun ABŞ-da rüşvətlər, hədiyyələr, müxtəlif satınalmalar və bu cür çirkin vasitələrlə ayrı-ayrı ştatlarda, şəhərlərdə Dağlıq Qarabağı tanıtmaq adı altında keçirdiyi kampaniyanın ABŞ federal hökumətinin siyasətinə təsiri yoxdur. Bu, bizim üçün təhlükə törətmir”.

Qeyd edək ki, Los-Ancelesin Şəhər Şurası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib. Şəhər Şurasının üzvləri Qarabağı müstəqil və suveren dövlət kimi tanıyaraq, beynəlxalq birlikdən də “Dağlıq Qarabağ Respublikası”nı azad, müstəqil və suveren dövlət kimi tanımağa çağırış edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti