Azərbaycanın xanım nazirləri – II Hissə

Azərbaycanın xanım nazirləri – II Hissə
  30 Yanvar 2014    Oxunub:9076
AzVision.az saytı xanım məmurlarla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə vaxtilə ölkənin ən ali postlarında söz sahibi olan keçmiş xanım nazirlərdən bəhs edəcəyik. Ötən buraxılışımızda Azərbaycanın xanım nazirləri ilə bağlı təqdim etdiyimiz yazının davamı olaraq daha 3 sabiq xanım nazirin keçdiyi yola, həyat və yaradıcılığına nəzər salaq:

Azərbaycanın ilk təyyarəçi qadını



Azərbaycanın ilk təyyarəçi qadını kimi tarixə düşən Züleyxa Seyidməmmədova Sovet dönəmində 23 il Azərbaycan SSR-in sosial təminat naziri işləyib. II Dünya müharibəsində hərbi təyyarəçi, kapitan olub. 1919-cu ildə Bakıda anadan olan nazir Әzizbәyov adına Sәnaye institutunda ali tәһsil alıb. İkinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçib.

Züleyxa xanım sosial tәminat naziri postunda çalışan ilk qadın nazir olub.

Azərbaycan SSR Ali Sovetinin (2,6-8-ci çağırış) deputatı olub.

Vaxtilə ticarət naziri olmuş Svetlana Qasımova...



Gəncədə anadan olan Svetlana Qasımova Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Svetlana Qasımova Azərbaycan SSP ticarət naziri, müstəqillik dövründə isə əmək və əhalinin sosial məsələləri Komitəsinin sədri olub.1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988-1990-cı illərdə Bakı Şəhər Partiya Komitəsinin katibi işləyib.

1990-1992-ci illərdə Dövlət Əmək və Sosial Məsələlər üzrə Komitədə sədrin birinci müavini və sədr vəzifələrində çalışıb. Sonra əmək fəaliyyətini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundadavam etdirən S.Qasımova 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında çalışmağa başlayıb, şöbə müdiri, 2000-ci ildən komissiya sədrinin müavini işləyib.

S.Qasımova 2009-cu il noyabrında dünyasını dəyişib.

Sabiq səhiyyə naziri, həkim



Sabiq səhiyyə naziri Kübra Fərəcova 1907-ci il may ayının 16-da Qubada anadan olub. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçısı və müəllimi, Azərbaycan SSR Xalq Səhiyyə komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi olub. K.Fərəcova daha sonra Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və s. vəzifələrdə işləyib.

Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunub. SSRİ Ali Sovetinin (2-ci çaqırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olub. Elmi kadrların hazırlanmasında xidməti var.

K.Fərəcova iki dəfə “Qırmızı Əmək Bayrağı2 ordeni və "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.

Xatırladaq ki, xanım nazirlərlə bağlı ötən buraxılışımızda sabiq xarici işlər naziri Tahirə Tahirova, həm xarici işlər, həm də təhsil naziri olmuş Elmira Qafarova, eks-ədliyyə naziri Südabə Həsənova, keçmiş təhsil naziri Lidiya Rəsulova haqqında ətraflı məlumat vermişdik.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti