Onlar özlərini niyə yandırır? – Deputat danışır

Onlar özlərini niyə yandırır? – Deputat danışır
  30 Yanvar 2014    Oxunub:1206
“Həm Yevlaxda, həm də Bərdədə baş verən hadisələr müvafiq qurumlar tərəfindən çox ciddi şəkildə araşdırılmalı, hadisədə günahkar olan şəxslər aşkar olunmalı və ciddi şəkildə cəzalandırılmalıdır”.
Bu sözləri AzVision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev son günlər baş verən özünü yandırma hadisələrini şərh edərkən deyib.

Millət vəkili vurğulayıb ki, bu cür intihar hallarının baş verməsini təkcə insanın sosial problemləri ilə əlaqələndirmək düzgün deyil. Deputat hesab edir ki, bu cür halların artmasında mətbuat və televiziyalar mühüm rol oynayır:

“Cəmiyyət varsa, sosial problemlər də var. Sadəcə, Qarabağ əlili özünü yandırdı, onun mənfi reklamı oldu. Bütün televiziyalar, qəzetlər, saytlar onu dönə-dönə göstərməklə, bəzi psixoloji cəhətdən zəif insanlara mənfi təsir yaratdı. Həmin insanlar da belə bir pis nümunəni özlərində tətbiq edirlər. Dünya praktikasında belə şeylər çox olur. Yəni, özünə qəsdlər, özünü asmaq, özünü yandırmaq, müəyyən turşular, dərmanlar, sirkələr içərək özünə qəsd etmək, müəyyən psixoloji problemi olan insanlarda özünə təlqini, özündə təkrar eləmək effekti yaradır. Bunu gərək bizim televiziya kanalları, mətbuat nəzərə alsın. Özünü yandırma hadisələri dalbadal olursa, bu çox gümanki televiziya və mətbuatın mənfi reklam təsirindən doğan bir haldır”.

M.Quliyevin sözlərinə görə, əlil və sosial cəhətdən zəif, müdafiəyə ehtiyacı olan digər insanların da problemi gərək müvafiq orqanlar tərəfindən vaxtında araşdırılmalı və gözardına alınmamalıdır.
“Yəni, hər hansı bir məmurun qeyri-etik davranışı, kobud rəftarı, yaxud deyək ki, bürokratik əngəllərin yaradılması, psixoloji durumu zəif olan insanlara mənfi effektlər verə bilər. Məmurlar gərək qanunçuluğa da əməl etsinlər, humanizm prinsiplərinə əməl etsinlər, öz məsuliyyətlərini də dərk etsinlər. Hesab edirəm ki, həm Yevlaxda, həm də Bərdədə baş verən hadisələr müvafiq qurumlar tərəfindən çox ciddi şəkildə araşdırılmalı, hadisədə günahkar olan şəxslər aşkar olunmalı və ciddi şəkildə cəzalandırılmalıdır”.

Millət vəkili onu da qeyd edib ki, Qarabağ əlilinin ailəsinə göstərilən pul yardımı intihar hallarının sayının artmasına heç bir əsas yaratmır. “Hər halda problemin həll olunmaması, intihar hadisələrinə gətirib çıxarır. Problem nədirdə, o araşdırılmalı və aradan qaldırılmalıdır”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti