Bərdənin deputatı özünü yandıran qazidən DANIŞDI
“Onun vəziyyətinin normal olduğu bildirilir. Dünən hüquq-mühafizə orqanları, həkim personalı, yaxından tanıdığım mülki insanlar vasitəsilə problemin həqiqi mahiyyətini, onun səbəblərini aydınlaşdırdıq. İlk növbədə, şəxsin durumu haqqında söyləyim ki, ayaq nahiyyəsində yanıq əlamətləri daha ciddidir. Amma yerdə qalan bədənin orqanizminə xüsusi fəsadlar törətməmişdi. Və həyatına hər hansı başqa xarakterli təhlükə də yoxdur”.
Z.Oruc Bərdə sakininin özünü icra hakimiyyətinin qarşısında yandırması haqda deyilənlərin yalan olduğunu deyib.
“Hadisənin Bərdə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermə xəbəri yalnışdır. Məndə olan məlumatlara görə, söhbət daha çox o insanın ilk əvvəl yaşadığı ünvandan, Alpout kəndindən qeydiyyatdan çıxması, sonradan ona veriləcək mənzillə bağlı problemlər, müxtəlif dövlət orqanları ilə məsələləri müzakirə etmək zəminində, yəni bunlar bir nöqtədə birləşərək, bu hadisəni törədib. Şübhəsiz ki, Qarabağ əlillərinin, Azərbaycanın ərazi bütövlüyü uğunda döyüşmüş insanların hər birinə xüsusi həssaslıqla münasibət göstərilməlidir. Mən də daxil olmaqla Bərdə rayon rəhbərliyi hər bir şəxsi məsələni diqqətdə saxlayır. Ona bundan sonrakı dönəmdə yardımların göstərilməsi üçün işlər daha da intensiv şəkildə həyata keçiriləcək. O cümlədən hazırda bu işlə bağlı istintaq tədbirləri gedir.Açıq deyim ki, bu məsələdə xeyli qaranlıq və bəzi qeyri -müəyyən nöqtələr var. Bunlara qiymət vermək istəmirəm. Çünki, məsələ o deyil, ən önəmlisi bunun zəncir halına gəlməsidi”.
Qeyd edək ki, yanvarın 28-də Bərdə rayonu, Alpout kənd sakini, 2-ci qrup Qarabağ əlili Maarif Vəliyev özünü yandırıb.
Nihadə Eyyubova