Əli Hüseynli: `Opponentlərimizlə dialoq aparacağıq`

 Əli Hüseynli: `Opponentlərimizlə dialoq aparacağıq`
  31 Yanvar 2014    Oxunub:967
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli virtualaz.org saytının suallarını cavablandırıb.

O, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanuna, QHT-lər haqqında qanuna və bununla bağlı digər qanunlara edilmiş əlavələr və dəyişikliklərə münasibət bildirib.

- Əli müəllim, Milli Məclisin keçən ilin payız sessiyasında QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilmiş əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin nümayəndələri arasında müəyyən narahatçılığına səbəb olmuşdur.

- Bu qanun layihəsi bizim komitənin təşəbbüsü ilə hazırlanmışdır və açığı, qanunun qəbulundan sonrakı bu narahatçılıq təəccüb doğurur. Çünki qanunlara edilmiş dəyişikliklər bütövlükdə vətəndaş cəmiyyətinin fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi daşıyır və əsas etibarilə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsinə yönəlmişdir. Bu münasibətlər qanunvericilikdə kifayət qədər tənzim olunmamışdır, çoxlu boşluqlar var idi.

- Bəzi QHT-lər bildirirlər ki, parlament maraqlı tərəflərin, o cümlədən QHT-lərin iştirakı ilə ictimai müzakirələr təşkil etməyib.

- Qanunların ictimai müzakirələr vasitəsilə hüquqi təbliğində biz özümüz də maraqlıyıq və mütəmadi olaraq ya parlamentdə, ya da parlamentdən kənar belə müzakirələri təşkil edirik. Amma razılaşın ki, ictimai müzakirələr daha çox fundamental əhəmiyyət kəsb edən sənədlərlə bağlı olmalıdır. Bununla yanaşı qeyd etməliyəm ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvlərindən biri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir. Biz bir sıra məsələləri müzakirə etmişik, təklif və iradları qəbul etmişik və layihənin son variantında onları nəzərə almışıq. Parlament müzakirələri zamanı da biz hər hansı ciddi tənqidlərlə üzləşməmişik. Bununla yanaşı biz mövqeyimizi bir daha çatdırmaqdan ötrü istənilən diskussiyaya hazırıq və bu məqsədlə qeyd etdiyim Şuranın təşkilatçılığı ilə yanvar ayının 31-də opponentlərimizlə fikir mübadiləsi aparmağı planlaşdırırıq.

- QHT-ləri narahat edən məsələlərdən biri parlamentin qəbul etdiyi bu qanunlarda nəzərdə tutulan cərimə sanksiyalarıdır...

- Əgər müşahidə etmişsinizsə, son illər İnzibati Xətalar Məcəlləsinin bir çox maddələrində nəzərdə tutulan cərimə sanksiyalarına yenidən baxılmışdır. Sanksiyaların yüksək olması onların daha da təsirli olmasına yönəlmiş və qanunlara riayət olunmasının təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, qanuna riayət edərək fəaliyyət göstərən QHT-lərin bununla bağlı narahatçılığı üçün heç bir səbəb yoxdur.

- Qanunvericiliyə edilmiş digər dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

- Bir çox dəyişikliklər dəqiqləşdirici xarakter daşıyır, onlar edildiyi normativ aktlarda daxili ziddiyyətlərin, habelə digər normativ aktlarla ziddiyyətlərin aradan qaldırılmasına yönəlmişdir.

Eyni zamanda korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı və terrorçuluğu maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək məqsədilə qanunvericilikdə bəzi dəyişikliklər edilib. Məhz bu məqsədlə maliyyə monitorinqi iştirakçılarının siyahısına xarici QHT-lərin filial və nümayəndəlikləri maliyyə monitorinqi iştirakçılarının siyahısına daxil ediliblər.

Bununla yanaşı, qanunvericiliyə məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin yaradılmasını və fəaliyyətini qadağan edən norma əlavə edilmişdir. Belə bir məhdudiyyət bizim Konstitusiyamızda və Avropa İnsan Haqları Konvensiyasında mövcuddur. Hesab edirəm ki, bu məhdudiyyəti göstərməklə biz, əslində, qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha geniş tənzimləmiş oluruq. Təbii ki, burada qeyd olunmayan digər hallarda onların fəaliyyəti azaddır.

Eyni zamanda “Qeyri-hökumət təşkilatları haqqında” qanuna edilmiş dəyişikliklər bu təşkilatların öz üzvləri arasında olan münasibətləri də tənzimləyir. Təəssüf ki, bir sıra hallarda qeyri-hökumət təşkilatının üzvləri və rəhbəri arasında məhkəmə mübahisələri, əmlakla bağlı iddialar yaranır. Bax, təklif etdiyimiz əlavələr və dəyişikliklər bu münasibətləri tənzimləyir. Hesab edirəm ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının özləri üçün də faydalı, əhəmiyyətli olacaqdır. Burada qəbul etdiyimiz vacib dəyişikliklərdən biri də “Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət” adlı yeni maddədir. Yeni redaksiyasında belə bir fikri vurğulamışıq: “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri öz fəaliyyətlərinin şəffaflığını təmin etməlidirlər”. Əlbəttə, biz zaman-zaman həm milli, həm də xarici qeyri-hökumət təşkilatlarının dövlət orqanlarının fəaliyyətinin daha şəffaf həyata keçirilməsi ilə bağlı iradlarını və təkliflərini eşidirik. Amma vətəndaş cəmiyyəti özü də fəaliyyətinin şəffaflığını təmin etməlidir. Təbii ki, belə bir şəffaflıq ona inamı artırmış olar.

- Onda belə söyləmək olarmı ki, QHT-lərin fəaliyyəti üçün hər hansı bir narahatçılıq yoxdur?

- Tam məsuliyyətlə bildirirəm ki, qanunvericiliyə etdiyimiz bu əlavələr və dəyişikliklər, əksinə, həm xarici QHT-lərin filial və nümayəndəliklə, həm də yerli QHT-lərin fəaliyyətinə müsbət mənada təsir edəcək. Vətəndaş cəmiyyəti və qeydiyyat orqanları, vətəndaş cəmiyyətinin öz üzvləri arasında münasibətlər daha şəffaf, dəqiq şəkildə tənzimlənəcək.


Teqlər:  





Xəbər lenti