“Le Monde” olayı - Azərbaycan cavabdeh deyil

  02 Oktyabr 2020    Oxunub : 2789
 “Le Monde” olayı  - Azərbaycan cavabdeh deyil
Məlum olduğu kimi, oktyabrın 1-də Fransanın "Le Monde" nəşrinin jurnalisti və fotoqrafı Dağlıq Qarabağdakı bombardman zamanı zərər çəkib. Fransa Prezidenti Emmanuel Makron Brüsseldə Avropa İttifaqının sammitində jurnalistlər üçün sanitar təyyarə göndəriləcəyini deyib.
Fransız media nümayəndələrinin yaralanması ilə bağlı rəsmi Bakı öz növbəsində bəyan edib ki, Fransa jurnalistlərinin Azərbaycan tərəfinin razılığı olmadan Qarabağda olmasına görə məsuliyyət daşımır.

Fransız jurnalistlər Azərbaycan hakimiyyətinə xəbər vermədən Qarabağdakı separatçı rejimin olduğu ərazidə qalıblar. Bu ərazilərdə hazırda aktiv döyüşlər gedir, atəş davam edir. Azərbaycanın Dağlıq Qarabağdakı müharibə bölgəsində və ona bitişik yeddi rayonda hər hansı bir media nümayəndəsinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi tamamilə başadüşüləndir. Fransa media nümayəndələri Ermənistan tərəfinin təşəbbüsü ilə Dağlıq Qarabağda olduğu üçün bu hadisələrə görə Azərbaycan heç bir halda məsuliyyət daşımır.

Bu mənada qeyd etmək lazımdır ki, gələcəkdə də Azərbaycanın qanuni ərazisi - Dağlıq Qarabağ və işğal olunmuş digə ərazilərdə baş verən hadisələri işıqlandırmağa qərar verən xarici KİV nümayəndələri mütləq bu barədə Azərbaycanı xəbərdar etməlidir. Həm beynəlxalq hüquq baxımından, həm də öz təhlükəsizlikləri üçün müraciət mütləqdir.

Eyni zamanda, hətta bu vəziyyətdə də Azərbaycan hər hansı bir jurnalistin Qarabağ zonasında və bitişik yeddi rayonda, həmçinin hərbi əməliyyatların aparıldığı ərazilərində olduqları təqdirdə təhlükəsizliyinə görə cavabdeh ola bilməz.

Jurnalistlərini planetin ən qaynar nöqtəsinə göndərən, ancaq şəxsi təhlükəsizlik məsələlərini düşünməyən Fransız qəzeti bunu əvvəlcədən nəzərə almalı idi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını işıqlandırmağa, yuxarıda göstərilən şərtləri, beynəlxalq hüquqa riayət etməyi qərara alan xarici media ilə hər cür əməkdaşlığa hazırdır.

Azvision.az

Teqlər: Azərbaycan