Fransa mətbuatı Qarabağ münaqişəsindən yazdı

  03 Oktyabr 2020    Oxunub : 1860
Fransa mətbuatı Qarabağ münaqişəsindən yazdı
Fransa mətbuatında “Azərbaycan – Ermənistan münaqişəsi və beynəlxalq hüquq” adlı məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi xronologiya və bu sahədə beynəlxalq hüquqdan irəli gələn öhdəliklər geniş şərh edilir. Bildirilir ki, 90-cı illərdən etibarən, Azərbaycan və Ermənistan arasındakı münaqişə vəziyyətini həll etmək üçün çoxsaylı beynəlxalq qətnamələr qəbul edilib:

1. BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 3292-ci iclasında qəbul edilmiş 874 saylı qətnaməsi:

Təhlükəsizlik Şurası, 1 oktyabr 1993-cü il tarixli, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Dağlıq Qarabağ üzrə Minsk Konfransı sədrinin Təhlükəsizlik Şurasının Prezidentinə ünvanladığı məktubu araşdıraraq, münaqişənin mülki əhaliyə təsirlərindən ciddi narahatlığını bir daha ifadə edərək və xüsusilə Azərbaycan Respublikasında çox sayda mülki şəxsin köçkün olmasından dərin narahatlığını ifadə edərək əlaqədar tərəfləri atəşkəsə riayət etməyə və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına çağırır.

2. BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 3259-cu iclasında qəbul edilmiş 853 saylı qətnaməsi:

Təhlükəsizlik Şurası silahlı döyüş əməliyyatlarının genişlənməsini və xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun ələ keçirilməsini narahatlıqla qeyd edib, Azərbaycan Respublikasında çox sayda mülki şəxsin köçkün olmasından bir daha ciddi narahatlığını ifadə edərək, Ağdam rayonunun və Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərinin tutulmasını pisləyir, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal geri çəkilməsini tələb edir.

3. Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 3205-ci iclasında qəbul edilmiş 822 saylı qətnamə:

Təhlükəsizlik Şurası, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin pisləşməsindən dərin narahatlığını ifadə edərək, silahlı toqquşmaların intensivləşməsini və xüsusən də son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasındakı Kəlbəcər rayonunun işğalını böyük narahatlıqla qeyd edərək, bütün döyüş əməliyyatlarının dərhal dayandırılmasını, həmçinin Azərbaycanın Kəlbəcər rayonunu və digər bölgələrini işğal edən bütün qüvvələrin dərhal geri çəkilməsini tələb edir.

4. Təhlükəsizlik Şurasının 3313-cü iclasında Azərbaycan Respublikası Zəngilan bölgəsinin və Horadiz şəhərinin işğalı ilə bağlı qəbul etdiyi 884 saylı qətnamə:

Təhlükəsizlik Şurası "Zəngilan bölgəsi və Horadiz şəhərinin işğalını, mülki vətəndaşlara edilən hücumları və Azərbaycan Respublikası ərazilərinin atəşə tutulmasını pisləyir, Ermənistandan 822, 853, 874 saylı qətnamələrin icrasını tələb edir.

Məqalədə ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) münaqişə ilə bağlı qətnamə və qərarları da şərh edilir.

Qeyd olunur ki, tam dəqiqliyi ilə istifadə olunan bu mətnlər təxminən 30 il əvvələ aiddir və problem hələ də həll olunmayıb. Azərbaycanın Cənub Qərbi hələ də işğal altındadır. Və müharibə mülki əhalini nəzərə almayaraq, fəlakətli dagintılar bahasına təzədən başlayıb.

Azvision.az

Teqlər: Fransa   Mətbuat   Məqalə