3-12 yaşlı uşaqların internata düşməsinin qarşısı alınıb

3-12 yaşlı uşaqların internata düşməsinin qarşısı alınıb
  31 Yanvar 2014    Oxunub:880
Bu gün prezident İlham Əliyevin 9 yanvar 2013-cü il tarixli «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmətlər üzrə icra olunan layihələrin yekunlarına dair konfrans keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, beynəlxalq təşkilatların, aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirak etdiyi konfransda qeyd olunan layihələr üzrə görülən işlərə dair hesabatlar təqdim olunub. Bildirilib ki, layihələr çərçivəsində respublikanın 22 rayon və şəhərində sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya ehtiyaclarını ödəmək üçün funksional qiymətləndirmə, aktiv terapiya, oyun terapiyası kimi müasir metodlardan istifadə edilməklə, onların cəmiyyətə adaptasiya olunmasına köməklik göstərilib.

Eyni zamanda, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar sosial-psixoloji xidmətlər, hüquqi xidmətlər, reinteqrasiya xidmətləri ilə təmin olunub. Həmin uşaqların psixoloji problemləri və fərdi xüsusiyyətləri öyrənilərək reabilitasiya işi aparılıb, onlara hüquqi yardımlar edilib. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası məqsədilə ilkin emosional-psixoloji dəstək göstərilib. Sığınacaq və reinteqrasiya xidmətləri vasitəsilə baxımsız uşaqların (küçə uşaqlarının) uşaq alveri qurbanına çevrilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısı alınıb.

Çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, çətin həyat şəraitində olan 3-12 yaşlı uşaqların sosial kimsəsizliyinin profilaktikası, onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə 8 rayonda günərzi mərkəzlər yaradılıb. Mərkəzlərdə uşaqların qidalanması, maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilməsi, onların sosial uyğunlaşmasına yardım edilməsi istiqamətində müvafiq işlər görülüb.

Konfransda hesabatlar əsasında fikir mübadiləsi aparılıb.

AzVİsion.az



Teqlər:





Xəbər lenti