Rəsulzadə 130 –Tədbirlər

Rəsulzadə 130 –Tədbirlər
  01 Fevral 2014    Oxunub:1583
Sərgi, sənədli film və kitab təqdimatları.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib.

AzVision.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından bildiriblər ki, sərgidə M. Ə. Rəsulzadənin əsərlərinin toplusu, ona həsr edilmiş kitablar, müxtəlif illərdə qəzet və jurnallarda haqqında dərc edilmiş məqalələr, fotoşəkillər, videomateriallar, virtual görüntülər təqdim edilir.

Bu münasibətlə təşkil olunan tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olub. O, ictimai fikir tariximizə layiqli töhfələr verib, milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərib.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

***

Bu gün eləcədə Mətbuat Şurasında (MŞ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri - Məhəmməd Əmin Rəsulzadəyə həsr olunana “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbir ideya müəllifi Mətbuat Şurası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, layihə rəhbəri MŞ-nin sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış telejurnalist Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb.

Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.

Mərasimi açan MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutmuşdur. İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq geniş yayılan maarifçilik təfəkkürünü siyasi publisistikaya gətirərək məfkurə səviyyəsinə qaldırılıb. Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı.

O diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunan tədbirlər keçirilir. Mətbuat Şurasının hazırladığı film də bunlardan biridir.

Mətbuat Şurasının sədri, həmçinin rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm xidmətləri olan şəxslərlə bağlı daha 12 sənədli film çəkəcəyini diqqətə çatdırıb.

MŞ-nin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, M.Ə.Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir. Həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılmasına da ehtiyac böyükdür. Çünki məhz mühacirət illərində yazdığı əsərlər M.Ə.Rəsulzadəni dünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirib.

C.Feyziyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının görkəmli ictimai-siyasi xadimin irsinin öyrənilməsi ilə bağlı gerçəkləşdirilən işlərə təkan verəcəyinə əminliyini vurğulayıb.

Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsinə, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsinə, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Görkəmli şəxsiyyətə həsr edilmiş sənədli filmin Mətbuat Şurası tərəfindən çəkilməsi isə onun irsində jurnalistikanın önəmini vurğulamaq nöqteyi-nəzərdən son dərəcə önəmli hadisədir. Bu film, eyni zamanda, ölkə miqyasında M.Ə.Rəsulzadə ilə əlaqədar dövlət tədbirlərinə əməli dəstək mənasında mühüm səciyyə daşıyır.

Filmin ssenari müəllifi B.Qaraca M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına verdiyimiz önəmin gələcək nəsillərə azərbaycançılığı təbliğ istiqamətində dəyərli yol, məfkurə sığınacağı olduğunu vurğuladı. O bildirdi ki, bu cəhət Azərbaycan cəmiyyətində kifayət qədər dərk edilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə verilən dəyərin özünü həmişə konkret faktlarda, real iş müstəvisində göstərməsi ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. M.Ə.Rəsulzadənin həyat yolu rəğbət doğuracaq şəxsiyyətlərimizdən, tarixi simalarımızdandır.

“Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı M.Ə.Rəsulzadənin ümummilli dəyər simasını tam şəkildə təsdiqləmişdir. Bu, dövlətçilik tariximiz baxımından son dərəcə mühüm addım olub. T.Aydınoğlu onu da qeyd edib ki, M.Ə.Rəsulzadə haqqındakı filmdə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun elmi baxışlarına istinad edilməsi ekran əsərinin uğurunu şərtləndirən amildir.
Təqdimat mərasimində MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov və başqaları sovet imperiyası dövründə M.Ə.Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim edilməsinin doğurduğu mənfi nəticələrdən söz açıblar.

Çıxışlarda “Bir kərə yüksələn bayraq” sənədli filmi media ictimaiyyətinin böyük şəxsiyyətin yubileyinə töhfəsi kimi dəyərləndirildi.

***

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda filologiya elmləri doktoru, professor, şair və nasir Vüqar Əhmədin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr etdiyi “Son nəfəsədək Azərbaycan” kitabının təqdimatı keçirilib.

AYB sədrinin müavini Nazim İbrahimov kitabı Azərbaycanın istiqlaliyyəti və azadlığı tarixində böyük xidmətləri olmuş siyasi və ictimai xadim, ədəbiyyatşünas və tarixçi Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş canlı sənəd kimi dəyərləndirdi.

O bildirdi ki, “MBM” nəşriyyatında yüksək poliqrafik zövqlə, arxiv materialları və tarixi sənədlər əsasında tərtib olunmuş 336 səhifəlik kitab gələcək nəsil üçün qiymətli dərs vəsaiti ola bilər.

Çıxış edənlər Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən bütün mədəniyyət ocaqlarında bu fədakar şəxsiyyətin xatirəsinin yad edildiyini bildiriblər.

Tədbirdə çıxış edən müəllif böyük Azərbaycan mücahidləri - Şeyx Məhəmməd Xiyabanı, Seyyid Cəfər Pişəvəri və Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi bu tarixi xronoloji əsəri trilogiya adlandırmış və kitabın ərsəyə gəlməsində zəhməti olan insanlara minnətdarlığını bildirib.

Kitabın redaktorları filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu və yazıçı-jurnalist Müşfiq Cabiroğludur.

Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova təmsil etdiyi qurumun kollektivi adından müəllifə “Cəsarətli qələm” diplomunu təqdim etdi.

Sonda M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar Rəssam Rəis Rəsulzadə babasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

***

AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley gecəsi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli məlumat vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, mədəniyyət ocaqlarında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley mərasimləri keçirilib.

Natiq Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən geniş söhbət açıb. Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmaqla Vətənin istiqlal və müstəqillik ideyasını geniş kütlələr arasında təbliğ etmiş və bu amal uğrunda mübarizə aparıb.

Bu gün tariximizə nəzər salarkən fəxrlə deyə bilərik ki, Şərqdə ilk demokratik və parlamentli dövlət, eləcə də opera, teatr kimi mədəniyyət müəssisələri Azərbaycanda yaradılmışdır. Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququ verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, çox böyük nailiyyətlər əldə edib. O bildirib ki, Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyətinin əksər dövlətlər tərəfindən tanınması Məhəmməd Əmin Rəsulzadə kimi azadlıq və müstəqillik mücahidlərinin apardıqları ardıcıl və qətiyyətli mübarizə nəticəsində mümkün olub.

Qalereya




Teqlər:  





Xəbər lenti