Ədliyyə Nazirliyində görüş

  31 Yanvar 2014    Oxunub : 478
Ədliyyə Nazirliyində görüş
Ədliyyə Nazirliyində Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüş olub.
Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah Əs-Süleym ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulamış, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkənin rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulamış, BMT, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə hökumətlərarası birgə komissiyanın rolunu qeyd etmişdir.

Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərinin mübadiləsi və s. məsələlər müzakirə edilib.

Səfir nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.

Teqlər: