“Son hadisələr bizi daha da möhkəmləndirir” - Aydın Mirzəzadə

 “Son hadisələr bizi daha da möhkəmləndirir” -  Aydın Mirzəzadə
  12 Oktyabr 2020    Oxunub:2291
“Ermənistan rəhbərliyi Azərbaycanın humanitar atəşkəsə gedəcəyini gözləmirdi. Onlar düşünürdü ki, Azərbaycan dayanmadan öz torpaqlarını işğaldan azad edəcək. Bu fonda rəsmi İrəvan ölmüş əsgərlərinin meyitini götürə bilməməsini dünyaya car çəkəcək. Yəni bununla yenidən "əzabkeş erməni" obrazını gücləndirməyə çalışacaqdılar”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Deputat deyib ki, ermənilərin düşüncələrinin əksinə olaraq Azərbaycan beynəlxalq konvensiyaları, humanizmi əsas götürərək əsir və meyitlərin dəyişdirilməsinə şərait yaratdı:

“Hazırda Ermənistan üçün çıxılmaz bir vəziyyət yaranıb. Həqiqətən də çox sayda erməni əsgərlərinin meyitlərinin birdən-birə bu ölkəyə qayıtması xalqı ayağa qaldıracaq. Ermənistan hökumətinə erməni cəmiyyətində bu işğalçı siyasətin onlara nə qazandırdığı sualı ünvanlanacaq. Buna görə son iki gündə müxtəlif bəhanələrin şahidi oluruq. Gah Qırmızı Xaç Komitəsinin avtomobilini atəşə tuturlar, gah özlərinin hansısa bir provakatorunu Qırmızı Xaç Komitəsinin maşınında işğaldan azad olunmuş Hadrut rayonuna göndərirlər. Bu da ona hesablanmışdı ki, sonradan bu ərazilərin guya geri alındığını xalqa göstərsinlər. Amma həqqiqəti müəyən müddət gizlətmək olar. Reallığı həmişə gizlətmək olmaz”.

Deputatın sözlərinə görə, ortalıqda qalan və Ermənistan hakimiyyətinin gizlətdiyi çoxsaylı meyitlər onsuz da sahiblərinə qaytarılacaq. O, Gəncə faciəsinin unudulmayacağını diqqətə çatdıraraq qeyd edib:

“Əgər Ermənistan öz çoxsaylı cəsədlərini götürməkdən imtina edəcəksə, Azərbaycan insanlığı əsas götürərək onları xristian qaydalarına uyğun, eyni zamanda beynəlxalq təşkilatların nəzarəti altında hansısa formada ərazidən yığışdırıb qarşı tərəfə təhfil vermək üçün saxlayacaq. Gəncənin humanitar atəşkəsdə, gecə, insanların yatdığı zaman vurulması məsələsinə gəldikdə isə, bu onu göstərdi ki, dünya dəyişsə də, Ermənistan dəyişmir. Erməni milli təfəkkürü heç dəyişənə də oxşamır. O yenə Azərbaycan xalqını qorxutmaq xəttini əsas götürür. Ermənilər insanlığa zidd addımları ilə Azərbaycan xalqını öz torpaqları uğrunda mübarizədən çəkindirməyə çalışırlar. Amma bu əks-effekt verir. Son hadisələr bizi daha da möhkəmləndirir”.

Gəncədə baş verənləri ikinci Xocalı qətliamı adlandıran Aydın Mirzəzadə bunun ermənilərin, erməni siyasətçilərinin üzərində ağır yük kimi qalacağını söyləyib: “Gəncənin vurulması erməni xislətinin, erməni vəhşiliyinin qara səhifəsi kimi həmişə tarixdə qalacaq. Azərbaycan xalqını qorxutmaq mümkün deyil. Ermənistan Azərbaycanın ikinci böyük şəhərinə xain hücumu ilə bir daha özünü ifşa etdi. Humanitar atəşkəs elan edilməsinə baxmayaraq, indi də yaşayış məntəqələrimiz atəşə tutulur. Cəbhə xəttində yenə mövqelərimizə hücum edilir. Bununla belə, işğalçılar ordumuz tərəfindən layiqli cavablarını alırlar. Bu gün mətbuatdan oxudum ki, ermənilər Hadrut istiqamətində olan bir neçə mövqelərini qoyub qaçıblar. Çünki bilirlər ki, döyüşlər davam edərsə, onların hamısı əvvəlki günlərdə olduğu kimi durduqları yerdə məhv ediləcəklər. Azərbaycanın əlində olan ən müasir silahlar və ən əsası Azərbaycan əsgərinin qətiyyəti onların axırına çıxacaq. Cənab Prezidentin də dediyi kimi erməni əsgəri bizim torpaqlarda ölmək istəmirsə, rədd olub getməlidir. Hesab edirəm ki, nəinki əsgərləri, zabitlər, bütün hərbçiləri də bu düşüncəni qəbul etməyə başlayırlar”

Tural Tağıyev
Azvision.az


Teqlər: Aydın-Mirzəzadə   Gəncə   Ermənistan  





Xəbər lenti