Hərbi büdcəmiz Ermənistanla müqayisədə 5 dəfə böyükdür

Hərbi büdcəmiz Ermənistanla müqayisədə 5 dəfə böyükdür
  21 Oktyabr 2020    Oxunub:2703
Sentyabrın 27-dən başlayaraq Vətən Müharibəsi uğrunda bir neçə cəbhədə aparılan əməliyyatların son nəticəsinin Azərbaycan üçün uğurlu olmasına şahidlik edirik. Bu əməliyyatlara yalnız hərbi əməliyyat kimi baxmaq düzgün deyil.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, burada həm hərbi cəbhədə qəhrəman əsgərlərimiz, rəşadətli ordumuz uğurlarını göstərir, həm də diplomatik cəbhədə beynəlxalq ictimaiyyətə düzgün informasiyalar verilir.

“Bu mübarizədə beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərlə Azərbaycanın ərazi bütövlüyü təsbit olunur. Eyni zamanda informasiya cəbhəsində bizim jurnalistlər, Milli Məclisin üzvləri, ekspertlər, başda Prezidentimiz olmaqla informasiyanın düzgün çatdırılması istiqamətində xeyli iş görürlər”.



T.Mirkişili qeyd edib ki, Azərbaycan iqtisadiyyatı müharibənin davam etməsinə baxmayaraq sabitdir, çünki ehtiyatlarımız kifayət qədərdir: “Azərbaycan son 26 il ərzində Vətən müharibəsinin uğurla başa çatması üçün bütün hazırlıqlarını tamamlayıb. İqtisadi cəhətdən kifayət qədər böyüdük. 90-ci illərin əvvələrinə baxsaq, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından o qədər də çox deyildi. Amma bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 3 dəfə böyükdür. Bizim hərbi büdcəmiz onların hərbi büdcəsindən 5 dəfə böyükdür. Halbuki 92-ci ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsinə bərabər idi.

İqtisadi cəhətdən biz xeyli böyümüşük. Digər tərəfdən bizim ordumuz dünyanın 30 ən güclü ordusundan biridir. 90-ci ilin əvvələrində Azərbaycan ordusu yox dərəcəsində idisə, bu gün kifayət qədər nizamlı, texnoloji dünyanın ən müasir silahları ilə döyüş apara bilən ordumuz var”.

T.Mirkişilinin sözlərinə görə, Azərbaycan cəmiyyəti keçən dövr ərzində birləşdi və hədəfə vurmaq üçün bu gün cəmiyyətdə kifayət qədər milli ruh yüksəkliyi var: “Hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşib. Xarici ekspertlər də bunu bildirir və kənardan baxanda Azərbaycan güclü, özünə əmin, iqtisadi formada qüdrətli görsənir. Bu gün uğurlarımız həm də Azərbaycanın bütövlükdə Vətən Müharibəsi aparmaq üçün bütün resurlarını bir nöqteyə cəmləşdirmək bacarığından irəli gəlir. Burada artıq hər kəs öz vəzifəsini daha yaxşı gördüyü üçün düşmən qaçır, məğlub olur. Düşmənim məğlubiyyəti qaçılmazdır və Azərbaycan torpaqlarını işğaldan azad edir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Azərbaycan-Ordusu   İqtisadiyyat  





Xəbər lenti